Minsk qrupunun həmsədrləri helikopter olayı ilə bağlı bəyanat yaydı; rəsmi Bakıdan sərt cavab gəldi
ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış ediblər. ANS PRESS-in məlumatına görə, ATƏT-in saytında yerləşdirilmiş bəyanatda Iqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Endryu (Fransa) Azərbaycan silahlı qüvvələri tərəfindən vurulmuş Ermənistan ordusuna məxsus helikopterin qalıqlarına humanitar keçidin olmaması ilə bağlı narahatlığını bildiriblər.
Bəyanatda bildirilir ki, helikopterin qalıqları Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttinin neytral ərazisinin minalanmış zonasında yerləşir.
Müdafiə Nazirliyi bu bəyanata cavab verib. “Qafqazinfo”nun məlumatına görə, nazirliyin bəyanatında deyilir:”Noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqelərinə hücum edən Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin cavab atəşilə məhv edilməsi faktı ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanat təəssüf və təəccüb hissi doğurur. Bəyanata cavab olaraq bildiririk ki, qoşunların təmas xəttində heç bir neytral ərazi yoxdur və ola da bilməz. Ermənistan tərəfindən işğal olunmuş torpaqlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Azərbaycan Respublikasının əraziləridir.
Bəyanatda işlədilən “humanitar keçid” termini isə anlaşılmazdır və münaqişənin mahiyyətindən bixəbər olanlara hesablanıbdır. Hazırda bu ərazidə heç bir dinc sakin və ya mülki şəxs yoxdur ki, onların döyüş gedən ərazidən çıxarılması üçün hər hansı bir “keçid” və ya “dəhliz” açılsın.
“Ərazidə atəşin dayandırılması” və “ərazilərin minalardan təmizlənməsi” fikirləri isə tam əsassızdır və erməni tərəfinin maraqlarına hesablanıb. Bu, yalnız bir halda – Ermənistan silahlı qüvvələrinin tamamilə və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılmasından sonra mümkün ola bilər.
Azərbaycanın daim qarşı tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, müharibənin aparılması qaydalarına riayət etməsi çağırışına baxmayaraq Ermənistan hər zaman bundan boyun qaçırır və cinayət törətməkdə davam edir.
Müdafiə Nazirliyi bir daha bildirir ki, düşmən tərəfi mütəmadi olaraq qəsdən bu ərazidə təxribatlar törətməklə məsələni qeyri-obyektiv formada təqdim etməyə cəhd göstərir və təəssüflər olsun ki, bu prosesə münaqişənin dinc yolla həll olunması missiyasını üzərinə götürən, obyektivlik nümayiş etdirməyə borclu olan beynəlxalq qurumları da öz mövqeyindən çıxış etməyə təhrik edir”.
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında ”neytral ərazi” ifadəsinin işlədilməsi qəbuledilməzdir”.
“Qafqazinfo”nun məlumatına görə, bunu isə Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinə məxsus olan hərbi-hücum helikopterinin zərərləşdirilməsi Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Ağdam rayonunda baş verib: “Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsi məxsusi olaraq BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində qəti şəkildə pislənilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək ifadə olunub və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur və güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğu vurğulanır”.