Ekspertlər bu rəqəmin daha böyük olduğunu deyir
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə parlamentin 2016-cı ilin büdcə zərfinə həsr olunmuş plenar iclasında dünyanın 130 ölkəsi arasında yaxşı mənada borclanmaya görə sonuncu üçüncü-dördüncü yeri tutduğumuzu bildirib.
Onun sözlərinə görə, qlobal dünya böhranı şəraitində Azərbaycanda iqtisadi strukturlar birgə çalışırlar. Z.Səmədzadənin qənaətincə, təbii ki, problemlər də var: “Odur ki, bizim hədəflərimiz yaranmış əlverişli demoqrafik siyasətə uyğun olaraq yeni iş yerləri yaradılmasıdır. Əlbəttə ki, indiki şəraitdə 30 min iş yerinin bağlanması Azərbaycan üçün ciddi məsələdir. Biz bu məsələni sistemli şəkildə təhlil etməliyik. Artıq bu istiqamətdə böyük işlər görülüb, yeni iş yerləri yaradılacaq”.
Komitə sədri deyib ki, dövlət başçısının təşəbbüsü ilə yaxın zamanlarda Vergilər Məcəlləsinə növbəti dəfə dəyişiklik ediləcək ki, bu da birbaşa sahibkarlığın inkişafına yönələcək: “Elə sahələr var ki, orada yeni iş yerləri yaratmaqla dövlətin gəlirlərini artıra bilərik. Belə olan halda da, Neft Fondunda toplanmış vəsaitləri iri layihələrə cəlb edərik. Həmçinin gizli iqtisadiyyatın ildə iki-üç faiz aşağı düşməsini reallaşdıra bilsək, bu, iqtisadiyatın inkişafında böyük nailiyyətə səbəb olar”.
Xatırladaq ki, iş yerlərinin itirilməsi səbəbindən əhalinin sosial həyat şəraitinin ağırlaşması intihar hallarının kütləviləşməsiylə xarakterizə olunub. Eləcə də kütləvi ixtisarlar, təkcə bir ayda 3 min bank işçisinin ixtisara düşməsi bu rəqəmin daha çox olduğunu deməyə əsas verir.
Ekspertlər hesab edir ki, iş yerlərinin itirilməsi ölkədə biznes sferasında baş verən tənəzzül elementlərinin güclü olmasından xəbər verir. Iri müəssisələrdə ixtisarlar, kiçik müəssisələrin bəzilərinin sıradan çıxması onu deməyə əsas verir ki, bu, başqa sektorlara neqativ təsirlər göstərib: “Iqtisadiyyat belədir ki, bir sektorda baş verən kataklizm əlahiddə təsir gücünü şərtləndirmir. Bazar iqtisadiyyatının prinsiplərinə görə, bir sektorda baş verənlər sektorlararası qarşılıqlı prinsipə görə özünün təzahür formalarını digər sektorlarda göstərməlidir. Bu mənada yoxsulluq əhali gəlirləri ilə, məşğulluq digər makroiqtisadi göstəricilərinin istənilən birisi ilə etkilənir. Ona görə də biz iqtisadiyyatda baş verən əsas tendensiyaları kompleks tədbirlər fonunda qiymətləndirməliyik. Bu özündə daha çox sistemli, dolğun və ədalətli münasibəti ifadə etmiş olar”.
Nigar