“Pepsi-Cola Azerbaycan” şirkətinin işçisi 27 yaşlı Ələkbər Məmmədov özünü yandırıb. Virtualaz.org-un məlumatına Ə.Məmmədov rayon icra hakimiyyətinin əməkdaşlarının hərəkətinin qarşısını almaq üçün özünə od vurub. Belə ki, icra hakimiyyətinin nümayəndələri Ə.Məmmədovun evini sökmək üçün ağır texnika ilə həyətinin qarşısına gəliblər.
Yaşadığı evin damına çıxan Ə.Məmmədov evin sökülməsinin qarşısını almaq üçün üzərinə benzin töküb və özünü yandırıb. Vəziyyətin belə olduğunu görən icra nümayəndəliyinin işçiləri oradan qaçıblar. Xoşagəlməz olay Binəqədi rayonu, Mirzə Məhəmmədxan küçəsi 74 ünvanında qeydə alınıb. Ağır vəziyyətdə yaxınlıqda yerləşən xəstəxananın yanıq şöbəsinə çatdırılan Ə.Məmmədov sonradan Respublika Yanıq Mərkəzinə aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Ələkbər Məmmədovun yaxınlarının sözlərinə görə, o, yaşadığı həyətin bir hissəsini uzun müddət əvvəl Nərgiz Orucovaya satıb. Elə bütün problemlər də bundan sonra başlayıb. Həmin xanım aldığı evdən əlavə Ələkbərdən ətrafdakı torpaq sahəsini də iddia edib. Həmin xanım bu barədə 3 dəfə məhkəməyə müraciət etsədə, iddiası təmin edilməyib.
Ali Məhkəməyə şikayətindən sonra isə onun xeyrinə qərar verilib. Qərara görə, Ə.Məmmədovun evinin bir hissəsi sökülüb altındakı torpaq iddiaçıya verilməli olub. ANS əməkdaşları Ə.Məmmədovun yaşadığı ünvanda olublar. Məlum olub ki, 5 il əvvəl evlənən Ə.Məmmədovun bu illər ərazində övladı olmayıb.
Bu yaxınlarda isə ata olmağa hazırlaşırmış. Onun qohumları evin yerləşməsini, evdən bayıra açılan qapının sökülməsinin yaradacağı problemlərə diqqət çəkərək qonşunun əsassız olaraq məhkəmələrə üz tutduğunu bildiriblər. Ə.Məmmədovun əmisi Zakir Məmmədov deyib ki, olay Nərgiz Orucovanın gözləri qarşısında baş verib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.