Elçin Sadıqov: «Uzadırlar ki, Şirin Abbasov həbsdə olduğu müddətdə vəkili ilə məhkəmədə də olsa, görüşə bilməsin»
“Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şirin Abbasova 30 sutka inzibati həbs cəzası verilməsinə dair qərardan verilmiş şikayət Bakı Apelyasiya Məhkəməsinə göndərilmir. Bu barədə Şirin Abbasovun vəkili Elçin Sadıqov məlumat yayıb.
Vəkil bildirib ki, Inzibati Xətalar Məcəlləsinin 431.3-cü maddəsinə əsasən, inzibati həbs barədə qərardan şikayət və ya protest apelyasiya instansiyası məhkəməsinə şikayətin və ya protestin daxil olduğu gün göndərilir. Şirin Abbasovun inzibati qaydada həbsi barədə qərardan verilən apellyasiya şikayəti isə iki həftədən çoxdur ki, Yasamal rayon məhkəməsində saxlanılır və Bakı Apelyasiya Məhkəməsinə göndərilmir.
“Halbuki, 5 oktyabr 2015-ci ildə qərar mənə veriləndə bildirilmişdi ki, iş həmin gün Bakı Apellyasiya Məhkəməsinə göndəriləcək. Bu gün Bakı Apelyasiya Məhkəməsində yoxlatdırdım, hələ apellyasiya şikayətimiz həmin məhkəməyə daxil olmayıb”, – deyə Elçin Sadıqov qeyd edib.
Vəkilin fikrincə, apelyasiya şikayətinə baxılmasının süni şəkildə uzadılması müvəkkili ilə onun məhkəmədə ünsiyyətinə mane olmaq məqsədi güdür: “Məhkəmələr apelyasiya şikayətinə baxılmasını ona görə uzadırlar ki, Şirin Abbasov həbsdə olduğu müddətdə vəkili ilə məhkəmədə də olsa belə görüşə bilməsin”.
Xatırladaq ki, Şirin Abbasov sentyabrın 16-da yoxa çıxıb və onun yeri barədə yaxınlarına bir sutka ərzində heç bir məlumat verilməyib. Yalnız sentyabrın 17-də valideynlərinə bildirilib ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsindədir. Iddia olunub ki, Şirin Abbasov polisə müqavimətə görə 30 sutka inzibati həbs olunub və bu səbəbdən idarədə saxlanılır. Amma nə məhkəmənin qərarı göstərilib, nə də bu qərarı hansı məhkəmənin çıxardığı barədə hər hansı məlumat verilib. Bundan sonra paytaxtdakı rayon məhkəmələrinə sorğular göndərən vəkil Elçin Sadıqov yalnız bir neçə gün əvvəl öyrənib ki, Şirin Abbasovun həbsi barədə qərarı Yasamal Rayon Məhkəməsi çıxarıb.
Informasiya şöbəsi