Siyavuş Novruzovdan ziddiyyətli açıqlamalar
Bir müddət əvvəl YAP-ın icra katibinin müavini Siyavuş Novruzov bildirmişdi ki, hakim partiya noyabrın 1-də keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat mərhələsində pulsuz efir vaxtından istifadə etməyəcək. Siyavuş Novruzov Report-a bildirmişdi ki, YAP ödənişsiz efir vaxtından imtina edəcək.
Həmin vaxt bu YAP-ın xalqın qarşısına çıxmaqdan ehtiyat etməsi kimi qiymətləndirilmişdi. Deyəsən, məsələnin bu cür qoyuluşu YAP-ı bu məsələyə yenidən baxmağa vadar edib. Çünki Siyavuş Novruzov AzVision.az-a açıqlamasında deyib ki, partiyanın pulsuz efir vaxtından imtina etməsi barədə hələlik rəsmi qərar qəbul edilməyib. Siyavuş Novruzov birinci açıqlamasında birmənalı danışmışdı. Indisə nala-mıxa döyür: “Yeni Azərbaycan Partiyasının 116 dairədən irəli sürdüyü namizədlər müvafiq Dairə Seçki Komissiyaları tərəfindən qeydə alınıb. Yəni, partiya olaraq bizim hüququmuz var ki, ödənişsiz efir vaxtından istifadə edək. Ancaq, Yeni Azərbaycan Partiyası alternativliyin təmin olunmasını istəyir. Təəssüflər olsun ki, digər siyasi partiyalar kifayət qədər namizəd irəli sürə bilmir və verdikləri namizədlərin indiyə qədər olan qeydə alınma sayı göstərir ki, bizə hər hansı bir alternativ partiya olmayacaq. Belə olan tərzdə, ötən seçkilərdəki təcrübəni də nəzərə alsaq, partiyanın rəhbər strukturu ödənişsiz efir vaxtından imtina barədə qərar qəbul edir. Ancaq, bu günə qədər bu qərarı rəsmi qəbul etməmişik”.