Bu gün Rusiya prezidenti Vladimir Putinin ad günüdür. Ancaq mən, təbii ki, ona təbrik yazmayacağam. Onun son dövrlər atdığı addımları təhlil etməyə çalışacağam. Putinin son addımları “dəli oğlanın” davranışlarını xatırladır. “Yakarım, Romayı da yakarım” məntiqi ilə münaqişəni Rusiya sərhədlərindən uzaqlaşdırmağa, Krımı de-yure qazanmaq üçün manevr imkanlarını genişləndirməyə, Qərbi Krım məsələsində müəyyən güzəştlərə getməyə məcbur edir. Alınacaqmı? Mümkün deyil. Bizim məhdud informasiya imkanlarımızla təhlil edib gəldiyimiz nəticələri ABŞ-ın strateji düşüncə institutları çoxdan proqnozlaşdırıblar. Putin seytnotdadır. Vaxt onu sıxır. Rusiyanın iqtisadi imkanları tükənmək üzrədir, Suriya cəbhəsi onun maliyyə yükünü və üzərindəki siyasi basqını artıracaq. Rusiyanın eyni zamanda bir neçə cəbhədə müharibə aparması, özü də bunu tükənən maliyyə resursları, defolt təhlükəsi fonunda etməsi, əslində, Qərbin maraqlarına tam uyğundur. Rusiyanın Qərb blokunda normal münasibətləri olan yeganə ölkə-Türkiyə ilə konflikt qaçılmazdır. Şiə Əsəd rejiminə dəstək vermək bütün sünnü ərəb dünyası ilə düşmən olmaq deməkdir. ABŞ-İran anlaşmasından sonra Qərblə münasibətlərində sərinlik yaranan Səudiyyə Krallığı ilə ABŞ arasınla buzlar tam əriyəcək. Bu isə, ilk növbədə neftin qiymətlərinin düşməsində özünü göstərəcək. Səudiyyənin bu davranışı Rusiyaya bağışlayacağı inandırıcı deyil. Nəticədə, beynəlxalq konfliktin ağırlıq nöqtəsini öz sərhədlərindən- Ukraynadan uzaqlaşdırmağa çalışan Rusiya tezliklə öz sərhədləri daxilində, xüsusilə də, Şimali Qafqazda xoşagəlməz sürprizlərlə qarşılaşmağa hazır olmalıdır. Suriya və Ukrayna konfliktləri, iqtisadi sanksiyalar, Rusiyanın içində mütləq alovlandırlacaq daxili destabilizasiya ocaqları, hər gün artacaq daxili narazılıq, bütün Qərb, üstəlik İran xaric müsəlman dünyasının bütün real akytorları ilə münasibətlərin korlanması, sözsüz ki, Rusiyanı yıpratacaq. Bu proses zaman alacaq, ancaq zaman və resurslar Qərbdə çoxdur. Səbr və təmkin də. Putin rejimi mütləq çökəcək. Özü ilə bərabər Rusiyanı da çökdürəcək. Strateji nəticənin konturları da aydın görünür artıq. Sadəcə olaraq, yenə də, buna zaman və səbr lazımdır. ABŞ və Avropadan fərqli olaraq bizim zamanımız çox deyil- itirilmiş hər gün ömrümüzdən gedir. Ancaq istənilən halda,nəticə dəyişməyəcək- avtoritarizmin son istinadgahları çökəcək, Azərbaycanda azad, ədalətli və demokratik cəmiyyət qurulacaq!