“Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatının iki əməkdaşı Azərbaycana səfər zamanı Bakıdakı hava limanında saxlanılıb və deportasiya olunub. Bu barədə “Associated Press” agentliyi təşkilata istinadən məlumat yayıb.
Təşkilatdan bildirilib ki, “Amnesty İnternational”ın Gürcüstan vətəndaşları olan iki əməkdaşı oktyabrın 7-də təyyarədən düşən kimi Bakı aeroportunda saxlanılıb və ölkədən çıxarılıb.
“Azərbaycan hökuməti repressiya kampaniyasını nəfəs dərmədən davam etdirir. Bu ölkədə istənilən fərqli fikir və tənqid dərhal repressiya ilə qarşılanır”, – deyə “Amnesty İnternational”ın Mərkəzi Asiya bürosunun direktoru Con Dalhauzen bildirib.
“Associated Press” xatırladır ki, keçmiş sovet ölkəsi olan Azərbaycanda insan haqlarının kütləvi şəkildə pozulmasına, müxalifətə qarşı repressiyalarla əlaqədar hökumətin ünvanına beynəlxalq tənqidlər də artıb. Son vaxtların səs-küylə hadisələrindən biri də tanınmış jurnalist Xədicə İsmayılovanın maliyyə cinayətlərində ittiham edilərək, 7 il 6 ay azadlıqdan məhrum edilməsi oldu. Tərəfdarları isə bildirir ki, prezident İlham Əliyev və ailəsinin korrupsiyası barədə araşdırmalarına görə bu yolla Xədicə İsmayılovadan qisas alınır.
İnformasiya şöbəsi