Qurumun büdcəni doldurmaq üçün atdığı addımlar sahibkar üsyanına səbəb ola bilər
Son bir neçə ay ərzində iş adamları kütləvi şəkildə Vergilər Nazirliyini məhkəməyə verir. Bu barədə redaksiyamıza məlumat məhkəmə sistemindən daxil olub. Məlumatda bildirilir ki, son dövrlər məhkəmə çəkişmələri daha çox banklarla müştərilər arasında olurdu.
Lakin bir neçə aydır ki, iş adamları ilə Vergilər Nazirliyi arasında olan məhkəmə çəkişmələri bütün işləri kölgədə qoyub. Məlumata görə, iş adamlarını şikayəti daha çox əsassız cərimələrlə bağlıdır.
Məlumat üçün deyək ki, neftin ucuzlaşmasından sonra büdcənin doldurulması üçün Vergilər Nazirliyinin üzərinə böyük yük qoyulub. Nazirlik isə büdcəni doldurmaq üçün ən müxtəlif addımlardan istifadə edirlər. Bu sırada xüsusilə obyektlərin yüksək məbləğdə cərimələnməsini göstərmək olar. Araşdırmalarımız zamanı bəlli olub ki, məhz bu cərimələr nəticəsində yüzlərlə mağaza fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Ekspertlər bildirir ki, proses bu cür davam edəcəyi təqdirdə vergi yığımında əhəmiyyətli azalma baş verəcək. “Obyektlər fəaliyyətini dayandıracaq və beləliklə vergi yığımına böyük zərbə dəyəcək”, – deyə ekspertlər vurğulayır.
Onlar həmçinin deyir ki, bu proses ölkədən pul axınını da şərtləndirəcək. Sahibkarlar xaricdə biznes qurmağı daha məqsədəuyğun sayacaqlar. Ən nəhayət, bu proses sahibkar üsyanına səbəb ola bilər.