Lombard faizləri yüksək, qiymətli əşyaların müqabilində verilən pul dəyərindən çox aşağı, itirən isə müştəridir…
Ölkədə iqtisadi vəziyyət ağırlaşdıqca vətəndaşlar sosial durumla bağlı bütün problemlərinin həllini banklardan götürdükləri kreditlərlə həll etməyə çalışırdı. Lakin problemli kreditlərin həcminin artması, bir xeyli iş yerlərinin bağlanması üzündən vətəndaşların vəsaiti geri qaytara bilməməsi, devalvasiyadan sonra banklarının özünün düşdüyü ağır vəziyyət kredit götürülməsi qaydalarının daha da sərtləşməsinə səbəb olub.
Banklardan kredit götürə bilməyən insanlar problemlərinin həlli üçün ikinci bir variant kimi lombardlara üz tutur. Ona görə də axır vaxtlar lombardlara axın başlayıb. Banklara çoxsaylı sənədlər, zamin təqdim etməkdə çətinlik çəkən müştərilər, faizlər yüksək olsa da, lombardlardyolu an pul götürməyi çıxış kimi görür. Bunun nəticəsidir ki, son dövrlərdə yüksək faizlə borc verən lombardların bazarı genişlənməkdə davam edir.
Lakin lombardlara qızıllarını qoyan vətəndaşların aldığı pul həmin qiymətli əşyaların satış qiymətilə uzlaşmır. Yəni lombardların təklif etdiyi aylıq faizlər yüksək, qiymətli əşyaların müqabilində verdiyi pul isə dəyərindən çox azdır. Belə bir vəziyyətdə itirən əlbəttə ki, müştəri olur. Yüksək faizlə insanlara öz fəaliyyətini təklif edən lombard sahiblərini isə məsuliyyətə cəlb edən, onlara nəzarət edən yoxdur.
Hazırda sayı 1000-i çoxdan keçən lombardların Maliyyə Nazirliyi və Mərkəzi Bank qarşısında heç bir məsuliyyət daşımadığı açıq müşahidə olunan mənzərədir. Burda itirən vətəndaşlar olsa da, onların hüquqlarını qoruyan hansısa bir qurum yoxdur. Halbuki, əksər ölkələrdə lombardların fəaliyyəti ayrıca qanunlarla tənzimlənir və hökumət öz vətəndaşlarının istehlakçı kimi hüquqlarının pozulmasına imkan vermir.
Yeri gəlmişkən, ölkəmizdə lombardlar haqqında ayrıca bir qanun olmasa da, onların fəaliyyəti 1997-ci ildən etibarən “Lombard fəaliyyətinə xüsusi razılıq, lisenziya verilməsi qaydalarının təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin qərarıyla tənzimlənir.
Ekspertlər qeyd edir ki, Mülki Məcəllənin 302.7-ci maddəsinə görə, lombard girov predmeti olan əşyanı yalnız açıq hərracda sata bilər. Mütəxəssislərin fikrincə, qiymətli əşyanı girov qoyan, yəni borc alan özü də onu açıq hərracdan əldə edə bilər. Lakin bizdə lombardlar açıq hərrac təşkil etmirlər. Bütövlükdə qanunvericilikdəki bir çox müddəalar vətəndaşların xeyrinə olsa da, lombard sahibləri bu məsuliyyəti daşımaq istəmir və insanların qiymətli əşyalarını mənimsəməkdə davam edirlər. Halbuki, Mülki Məcəllənin 302.5-ci maddəsinə görə, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Mülki Məcəllənin 302.4-cü maddəsinə əsasən, lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda əşyanın bazar qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Təcrübədə isə lombardlar bu vəzifələrini bir qayda olaraq icra etmirlər.
Mülki Məcəllənin 302.1-ci maddəsi lombardların fəaliyyətinin lisenziyalaşdırılmasını tələb etsə də, lisenziyanı verməli olan dövlət orqanı hələ də müəyyən edilməyib. Buna görə də lombardlar lisenziyasız və heç bir nəzarət olmadan fəaliyyət göstərir.
Mülki Məcəllənin 302.6-cı maddəsini yada salsaq, lombard girov qoyulmuş əşyanın itirilməsi və hətta zədələnməsinə görə də məsuliyyət daşıyır. Reallıqda isə bütün sahələrdə olduğu kimi, lombardların fəaliyyəti də qanunvericiliklə deyil, cəngəllik qanunlarıyla idarə olunur.
Sosial şöbə