Dondurulmuş maaşlar kəsildi
Nazirlər Kabineti məcburi köçkünlərin konstitusion hüquqlarını pozur…
“Trend” agentliyinin məlumatına və Nazirlər Kabineti rəsmisinin bizə bildirdiyinə görə, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci bəndinə əsasən orta aylıq (dondurulmuş) əmək haqqı ilə təmin edilən pensiya yaşına çatmış köçkünlərə edilən ödənişlər NK-nın 18.09.2015-ci il tarixli müvafiq qərarı ilə dayandırılıb.
Hökumət rəsmilərinin açıqlamalarına görə, bu qərar neftin dünya qiymətlərinin aşağı düşməsi, bu səbəbdən ölkənin maliyyə imkanlarının zəifləməsi və iqtisadiyyatda qənaət rejiminə keçilməsi ilə bağlı görülən tədbirlərdən biridir.
Birincisi, NK-nın bu qərarı nə NK-nın saytında, nə də rəsmi dövlət KIV-lərində dərc edilməyib. Ümumiyyətlə, sentyabr ayında NK-nın onlarla qərar verməsinə baxmayaraq, bu dövlət qurumunun saytında 01.09.2015-ci il tarixdən bu günədək verilmiş qərarlar haqqında heç bir məlumat yerləşdirilməyib.
Dəfələrlə rəsmi və şəxsən müraciət etsək də, bu qərarın surətini və ya bu qərarın verilməsi barədə rəsmi cavabı NK-dan ala bilmirik. Ortada olan fakt isə ondan ibarətdir ki, həmin köçkünlərə edilən müvafiq ödəniş faktiki olaraq dayandırılıb.
Təkcə bu faktın özü bu ali dövlət qurumunun öz xidmət vəzifəsinin icrasına, hökumət-vətəndaş münasibətlərinə, fəaliyyətinin şəffaflığı məsələlərinə hansı məsuliyyətlə yanaşdığının, eyni zamanda, daha həssas sosial qrup olan məcburi köçkünlərə göstərilən “qayğının” göstəricisi sayıla bilər.
Ikincisi, bu qərar antikonstitusion mahiyyət daşıdığına görə verildiyi andan qüvvədən düşmüş sayılmalıdır. Çünki qərarın əsas müddəası Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsinin I və III bəndlərinə, 12-ci maddəsinin I bəndinə, 25-ci maddəsinin III, IV və V bəndlərinə, 26-cı maddəsinin I və II bəndlərinə, 28-ci maddəsinin I və III bəndlərinə, 31-ci maddəsinin I bəndinə, 68-ci maddəsinin I və III bəndlərinə, 71-ci maddəsinin I və II bəndlərinə zidd olmaqla bərabər, eyni sosial qrup içərisində diskriminasiyaya yol açır ki, bu da Konstitusiyanın 25-ci maddəsi ilə qadağan edilir.
Üçüncüsü, söhbət iqtisadiyyatda qənaət rejiminə keçilməsindən gedirsə, bu sınaq təcrübəsi Azərbaycan Dövlətinin Konstitusiyanın 8-ci maddəsinin III bəndinin tələbini yerinə yetirə bilməməsi ucbatından hər şeyini itirmiş məcburi köçkünlərin üzərində aparılmaqla başlanmalı deyildi. Çünki hökumət rəsmilərinin açıqlamalarının səmimiliyinə xələl gəlməməsi üçün hökumət bu eksperimentə ölkədə baş alıb gedən korrupsiyadan, gömrük və vergilər sistemində dövlət büdcəsindən külli miqdarda vəsaitlərin gizlədilməsi yolu ilə baş verən oğurluqlardan, dövlət orqanlarında maaşa əlavə “paketlər”dən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində “Ünvanlı Sosial Yardımı” adı altında milyonlarla (bir ildə 85 milyon 100 min) vəsait mənimsəmələrindən, xarici ölkələrdə daşınmaz əmlaka xərcənən milyardlardan və s. məsələlərdən başlamalı idi.
Sübut kimi bu videoya baxa bilərsiniz:
Haşiyə: Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin rayon şöbələrində Səlim Müslümova qədərki dövrdə “Ünvanlı Sosial Yardım” üçün vətəndaşdan ayrılan məbləğin 2 aylığı qədər rüşvət alınırdısa, Səlim Müslümov nazir gələndən sonra vətəndaş müavinətin təyin edilməsi üçün yardımın 5 aylığı qədər rüşvət vermək məcburiyyətində qalıb: bunu S.Müslümov yuxarıdakı videoda özü də təsdiq edir. Nəzərə alsaq ki, hazırda “Ünvanlı Sosial Yardımı” alan ailələrin ölkə üzrə sayı verilən rəsmi statistikaya görə 115 mindən çoxdur və hər ailəyə orta aylıq ödəniş 148 manatdır və orta hesabla, hər yardım təyinatından 740 AZN rüşvət alınır (148 manat x 5 ay), deməli, belə çıxır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində təkcə “Ünvanlı Sosial Yardım”dan bir ildə 85 milyon 100 min (740 azn x 115000 müavinət) AZN rüşvət alınır. Bu rəqəmi S.Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi naziri işlədiyi 2 ilə vursaq, iki ildə yığılan rüşvətin 170 milyon 200 min manat olduğunu demək olar… və bu çılpaq reallığı dövlət və dövlətin təmsilçisi olan Prezident də görməzdən gəlirsə və görməzdən gəlməsi davam edəcəksə,.. artıq burada sözün bitdiyi məqam gəlir…
Bütün qeyd edilən və edilməyən bu maliyyə “bespredelliyinin” qarşısı alınandan sonra pensiya yaşına çatmış köçkünlərin cəmi üçün nəzərdə tutulmuş aylıq 50-60 min manatın da kəsilməsinə don geyindirmək olardı.
Digər bir məsələ barədə: ölkə üzrə cəmi, təxminən, 300 nəfərdən çox olmayan pensiya yaşına çatmış məcburi köçkünün 150-200 manat puluna göz dikən hökumət son illərdə xarici ölkələrdə daşınmaz əmlak alınmasına milyardlarla vəsait xərcləyib və bu əmlaklardan gələn gəlirlərin taleyi qaranlıqdır: dövlət büdcəsinə yönəldilməsi və şəffaflığına şübhələr var. Məsələn, verilən rəsmi məlumatlara görə, son illərdə hökumət Parisdə dəyəri 135 milyon avro, Seulda 447 milyon ABŞ dolları, lap bu yaxınlarda Tokioda dəyəri 52,3 milyard yapon yeni (təxminən, 435 milyon ABŞ dolları) təşkil edən və digər bir çox yerlərdə hər birinin dəyəri, təxminən, 100-500 milyon manat civarında olan daşınmaz əmlaklar alıb və bu əmlaklardan gələn gəlirin taleyi isə heç də şəffaf deyil. Və yuxarıda qeyd edilənlərdən belə bir məntiqi nəticəyə gəlmək olur ki, hökumətin israfçılığa qarşı mübarizə şüarı səmimiyyətdən uzaq olmaqla bərabər, şüarçılıqdan başqa bir şey deyil.
Nəhayət, bir məsələni təkrar və altından xətt çəkərək vurğulamaq istəyirəm: Büdcədən maliyyələşən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş və dövlət tərəfindən işlə təmin edilməmiş məcburi köçkünlər öz şəxsi əmlaklarını, yaşayış və iş yerlərini könüllü olaraq yox, dövlətin və onun təmsilçisi olan Prezidentin Konstitusiyanın 8-ci maddəsinin III bəndində nəzərdə tutulan vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün itiriblər. Ona görə də dövlət həmin məcburi köçkünləri Konstitusiyanın 68-ci maddəsinin II bəndinə əsasən yaşayış və iş yeri ilə təmin etməyə borcludur. Yox, dövlət bu qəbildən olan insanları işlə təmin edə bilməyibsə, onları orta aylıq səviyyəsində vəsaitlə təmin etməyə borcludur: çünki bu adamlar işlə təmin edilmiş olsaydılar, büdcə təşkilatlarında çalışmanın icazə verilən yaş həddinədək – 65 yaşadək işləyib, heç kəsə minnəti olmadan, əmək haqqı ala bilərdilər.
Təsadüfi deyildi ki, Heydər Əliyev problemə beynəlxalq qanunlar və Azərbaycan Konstitusiyasının tələbləri mövqeyindən yanaşaraq, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının əsaslandırma hissəsində “Respublikaya edilmiş hərbi təcavüz nəticəsində 1000-ə yaxın təhsil və 700-dən çox səhiyyə müəssisəsi, 2000-dən artıq mədəniyyət ocağı və digər humanitar istiqamətli sosial obyektlər işğal altında qalmış, burada işləyən on minlərlə qulluqçu və fəhlələr iş yerlərindən məhrum olaraq acınacaqlı vəziyyətə düşmüşlər. Bu qəbildən olan məcburi köçkünlərin ağır həyat şəraitini yaxşılaşdırmaq, işlə təmin etmək və onlara mütəmadi olaraq əmək haqqı verilməsi…” ifadələrinin qərarda xüsusi olaraq qeyd edilməsini məsləhət bilmişdi. Təəssüf ki, dövlət bu köçkünlərin işlə təmin edilmə problemini hələ də həll etməyib. Qəribədir ki, öz konstitusion borcunu yerinə yetirməyən indiki hökumət iş yerini məcburi itirən köçkünləri işlə təmin etmədən, qanuni haqları olan kompensasiya xarakterli orta aylıq əmək haqqı səviyyəsində müəyyənləşdirilmiş ödənişdən məhrum etmək barədə qərar verib və bir daha vurulayıram ki, bu qərar Konstitusiyanın yuxarıda qeyd edilən müddəalarına daban-dabana ziddir…
Ona görə də heç kimin, heç bir dövlət qurumunun müvafiq məcburi köçkünləri işlə təmin etmədən orta aylıq (dondurulmuş) əmək haqqıdan məhrum etməyə nə hüquqi, nə də mənəvi haqqı yoxdur…
Vətəndaşın və qanunun zorlanması isə tamam başqa bir şeydir və bunun dövlət əxlaqına qətiyyən dəxli yoxdur!
Əlövsət Əhədoğlu, məcburi köçkün
Redaksiyadan: Yazıda adı çəkilən maraqlı tərəflər də mövqe bildirə bilər.