«O küçələr «Bakı» adlı bir nağıl danışır…»
Bakının “Sovetski” deyilən ərazisində qədim məhəllələrlə yanaşı, tarixi-memarlıq və mədəniyyət abidələrinin taleyi də narahatlıq doğurur. Hökumət köhnə məhəllələrin hesabına ərazidə “Qış bulvarı”nın davamını salmaq, yolları genişləndirmək və yeraltı avtomobil dayanacaqları tikmək niyyətindədir. Burada elə yaşayış evləri var ki, onların söküləcəyi təqdirdə sakinlər ədalətli kompensasiya tələb edir, lakin elə binalar da var ki, onların dağıdılmasının yolverilməz olduğunu söyləyirlər.
Belə tikililərdən birinin, Mirzə Fətəli küçəsi 45 ünvanında yerləşən ikimərtəbəli evin sahibi Faiq Əliyev ann.az-ın müxbirinə bildirib ki, 50 ildir burada yaşayır. Bina 1895-ci ildə tikilib və Şirinbəy adlı şəxsə məxsus olub. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Şirinbəy həyat yoldaşı Zəminə xanımla birlikdə bu mülkü qoyaraq ölkəni tərk edib. Onlardan sonra burada rus ailəsi yaşayıb. Daha sonra mülk Faiq Əliyevin ailəsinə satılıb.
Evin istər xarici, istərsə də daxili memarlıq elementləri, o cümlədən, dəhlizin tavanındakı rəsm, qapıların möhtəşəmliyi və s. ilk baxışdaca diqqəti cəlb edir. F.Əliyevin sözlərinə görə, küçədən keçən əcnəbi turistlər bu mülkə xüsusi diqqət göstərir, onun tarixi ilə maraqlanırlar: “Belə bir evi sökərlərmi?!”- deyən mülkün sahibi mətbuatdan bu problemin gündəmdə saxlanmasını xahiş edib.ÿ
F.Əliyev saytın əməkdaşına evində aşkara çıxardığı qədim küpü də göstərib. O deyib ki, bu mülk təkcə evi olduğu üçün yox, həm də köhnə Bakının bir parçası kimi çox əzizdir. Evinin söküləcəyini təsəvvürünə belə gətirə bilməyən F.Əliyev əlaqədar orqanları bu məsələdə ehtiyatlı olmağa çağırıb. Murtuza Muxtarov küçəsi 41-də yerləşən hamam da XIX-XX əsrlərin yadigarıdır. Bu tikilinin foyesində Azərbaycan türkcəsində və rus dilində yazılmış lövhələrdə onun mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunduğu bildirilir; inventar nömrəsi də göstərilib: 69. Bu tikilinin həqiqətən də qorunduğunu söyləmək olar; təmir edilib və profilinə uyğun da fəaliyyət göstərir.
Ancaq bunu Mustafa Sübhi, 63-dəki Hacı Əbdülrəhimbəy Qulubəyov məscidi ilə bağlı demək olmur. Çünki tikilinin üzərindəki lövhədə Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunduğu (inventar nömrəsi: 3607) göstərilsə də, digər lövhədən isə burada Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Respublika Elmi-Texniki Kitabxanası Depozitar Fondunun yerləşdiyi məlum olur. Ümumiyyətlə isə bina baxımsız görkəmdə və təmirsizdir.
Təəssüf ki, köhnə Bakının ən məşhur hamamlarından biri – “Şor hamamı” da “atılmışlar” sırasındadır. Mirzə Fətəli küçəsi 103-də yerləşən hamam 1889-cu ildə tikilib. Indi işləmir. Sakinlərin sözlərinə görə, hamama bitişik 6 mərtəbəli mülk vaxtilə yüksək vəzifədə işləmiş bir məmura məxsus olub. Həmin şəxs mülkün ümumi görünüşü korlanmasın deyə, hamamın fasadını da əsaslı təmir edib. Lakin sözügedən məmur mülkünü satdıqdan sonra hamamın təmiri tamamlanmayıb.
Daha bir məşhur hamam – “Axund hamamı”nın isə bəxti gətirib… Murtuza Muxtarov, 141 ünvanında yerləşən bu hamam 1885-ci ildə tikilib. Türkiyəli memar və ustaların əsaslı təmir etdikləri hamamın binası 2013-cü ilin avqustundan öz təyinatı üzrə fəaliyyət göstərir.
“Sovetski” ərazisində elə hamam binası da var ki, hazırda mədəniyyət ocağına çevrilib. Murtuza Muxtarov küçəsi 83-də yerləşən “Yuğ” Dövlət Teatrının binası vaxtilə hamam olub və 1885-ci ildə Hacı Fərəculla adlı şəxs tərəfindən tikilib. Maraqlı faktdır və gərək, o qədər də təzadlı görünməsin. Çünki hələ qədim zamanlardan Şərq aləmində hamamlar mədəni-məişət və istirahət obyektləri olub. Onlar həm də memarlıq abidələri kimi milli mirasın ayrılmaz tərkib hissəsi sayılıblar.
Bu gün yüzlərlə misilsiz abidənin yerləşdiyi “Sovetski”nin yox edilməsi planlarını heç bir halda anlayışla qəbul etmək olmur. Bu ərazinin nəinki bütünlüklə, bircə məhəlləsinin belə sökülməsi ağlasığmazdır; həm də mümkünsüzdür. Burda hər addımda qarşına bir memarlıq abidəsi çıxır: ev, məscid, hamam və s. Hər bir abidə kimi, küçələrin də öz hekayəsi var… Buranın mühiti başdan-ayağa tarixdir.
Yeri gəlmişkən, “Bakı haqqında nağıl” adlı məşhur mahnının mətn müəllifi, qabaqcıl təhsil işçisi Kəmalə Abıyevanın sözlərilə desək, o küçələr Bakı adlı bir nağıl danışır: “Ordakı binalar bəlkə dünyanın heç bir şəhərində yoxdur: Bakının gözəlliyi, özəlliyi olan evlər, ensiz küçələr… Onları qorumaq, abadlaşdırmaq gərəkdir”.
Bu məhəllələr əslində açıq hava altında bir muzeydir, sadəcə, dəyərləndirmək lazımdır, “daxmalar yığınıdır” deyib, məqsədli şəkildə gözdən salınmamalı, o küçələrin sakinlərinə həqarət edilməməlidir. Çoxları ya unudur, ya da bilmir ki, “Sovetski” Bakının üç tarixi zonasından biridir – Bayırşəhərdir.
“Içərişəhər Bakının özəyidir, qala divarları ilə əhatə olunan ən qədim yaşayış məskənidir. Bu gün daha çox ”Torqovı” kimi tanınan ərazi isə köhnə bakılıların dediyi kimi, Kübarşəhərdir. Birinci neft bumu zamanı salınan bu ərazidə Bakının yalnız zəngin və kübar ailələri yaşayıb. Nəhayət, Bayırşəhər – “Sovetski” ərazisində isə həm varlı, həm də sadə insanlar məskunlaşıb ki, bunu hazırda ərazidəki binalardan da aşkar görmək olur. Buranı Bakının digər iki tarixi zonasından fərqləndirən xüsusiyyət də budur; “Sovetski”də həm Içərişəhərdəki kimi dar küçələr, dalanlar, sadə evlər, həm də Kübarşəhərdəki kimi Avropa memarlığı üslubunda elit yaşayış binaları mövcuddur.
“Sovetski”nin özəlliyi bununla bitmir. Bu barədə növbəti yazıda fikir yürütməyə çalışacağıq. Sonda isə xatırladaq ki, “Sovetski”nin yerində hökumətin planlaşdırdığı parkın layihəsi italiyalı memar Laura Perettiyə məxsusdur. Ancaq Avropada bir memar tarixi zonanın ləğv edilib yerində park salınması üçün nəinki layihə işləməyə, heç bu ideyanı dilinə belə gətirməyə cürət etməzdi; ictimaiyyətin və müvafiq təşkilatların sərt qınağına tuş gələr, karyerasına son qoyulardı… Azərbaycanda isə hətta hökumətin milli mirasın ayrılmaz tərkib hissəsi olan bir yaşayış məskənini yox etmək istəyi, yerində park salmaq adı altında faktiki olaraq özəl mülkiyyəti talamaq cəhdləri açı bir təəssüf doğurur. Həm də ölkədə əmlak hüquqlarının dövlət qeydiyyatı sahəsində islahata hazırlaşdığı bir ərəfədə?!
Sosial şöbə