“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin sabiq müavini Mübariz Mədətovun mənzilindən içərisində külli miqdarda pul olan seyfi oğurlamaqda təqsirləndirilən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ruslan Nabatov və Sabirabad rayon sakini, 1979-cu il təvəllüdlü Ramil Bağırovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Prosesə hakim Səbuhu Hüseynov sədrlik edir. Prosesdə hökm oxunub. Hökmə görə, Ruslan Nabatov və Ramil Bağırov hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, Ruslan Nabatov tanışı Ramil Bağırovla birlikdə 17 may 2016-cı ildə gecə saatlarında Mübariz Mədətova məxsus Bakı şəhəri, Zirə qəsəbəsi, dəniz sahilində yerləşən bağ evindən içərisində 40 min avro və 10 min dollar olan dəmir seyfi talamaqla zərərçəkmişə külli miqdarda ziyan vurublar. İstintaq materiallarına əsasən, zərərçəkmişin dəniz sahilində ərazisi 5 hektar olan həyət evində, yaxud malikanəsində təmir işləri aparıldığından orada çoxsaylı fəhlələr işləyib. Evin açarı isə keçmiş məmurun tanıyıb etibar etdiyi Anar Zabirovda olub.
A.Zabirov orada işləməklə yanaşı, həm də fəhlələrə nəzarət edib. A.Zabirovun uşaqlıq dostu, taksi sürücüsü işləyən Ruslan Nabatov onun M.Mədətova məxsus bağ evində işləməsindən xəbərdar olub. Bir neçə dəfə Anarla birlikdə həmin ünvana da gəlib, ustalara köməklik edib. Sonuncu dəfə keçmiş məmurun bağ evinə təşrif buyuran Ruslanın diqqətini yataq otağındakı dəmir seyf cəlb edib. Seyfin içərisində pul olacağını təxmin edən Ruslan onu necə ələ keçirmək üçün özlüyündə plan cızıb, götür-qoy edib, həyətə giriş-çıxış qapılarını diqqətlə nəzərdən keçirib. Ruslan cızdığı oğurluq planı barədə tanışı, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Rusiyada həbs olunan, 2013-cü ildə cəzasını çəkib Azərbaycana dönən Ramil Bağırovu məlumatlandırıb. Maddi vəziyyəti ağır olan Ramil Bağırovdan ötrü Ruslanın bu təklifi göydəndüşmə olub.
Gecə saatlarında Ruslana qoşularaq Zirəyə yollanıb. Hər ikisi köməkləşərək yataq otağındakı seyfi götürüb maşına yerləşdiriblər. Seyfi dəmirlə sındırıblar və içərisindən götürdükləri pulları öz aralarında bölüşdürüblər. Əldə etdikləri pulla borclarını qaytarıblar, şəxsi tələbatlarına xərcləyiblər. Ruslan pulun bir qisminə “Priora” markalı maşın kreditə götürüb, bir qismini isə topazda uduzub. Baş vermiş oğurluq faktı ilə bağlı cinayət işi açılıb. Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ruslan Nabatov və Ramil Bağırov saxlanılıb.
Onların hər ikisinə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham irəli sürülüb, Xəzər rayon Məhkəməsinin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Mübariz Mədətov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsində çalışarkən ölkə başçısının göstərişi ilə işdən çıxarılıb. Buna səbəb isə M.Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi “Mercedes Galendewagen ” markalı avtomobillə Zığ şossesində böyük sürətlə hərəkətdə olarkən Binə qəsəbəsi yaxınlığında içərisində xalq artisti Ağasəlim Abdullayevin ailəsinin olduğu “Jiquli”ni vurub. Nəticədə ailənin 2 üzvü həlak olub, qalanları yaralanıb. Bu hadisə geniş rezonans doğurub və ölkə başçısının sərəncamı ilə Mübariz Mədətov tutduğu vəzifədən azad edilib, oğlu Xalid Mədətov isə həbs olunub. X.Mədətov törətmiş olduğu bu ağır yol-qəza hadisəsinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıdan məhrum edilib, hazırda həbsxanadadır. (Virtualaz.org)