Ümümdünya Səhiyyə Təşkilatı bildirir ki, dünyada on adamdan doqquzu havası çirkli olan bölgələrdə yaşayır.
ÜST-ün hesabatına əsasən, ən pis vəziyyət Cənub-Şərqi Asiya və Sakit okeanın qərbində, o cümlədən Çin, Malayziya və Vyetnamdadır.
Yeni məlumat “bizi çox narahat edir” ÜST-ün İctimai Səhiyyə və Ətraf Mühitin Mühafizəsi şöbəsinin direktoru Mariya Neyra deyib.
“Bu sağlamlıq üçün fövqəladə bir haldır”, o vurğulayıb.
Təşkilatın ekspertləri xəbərdarlıq ediblər ki, problem şəhərlərdə daha kəskindir. Eynilə kənd yerlərində vəziyyət çoxlarının düşündüyündən daha da acınacaqlıdır.
ÜST-ün məlumatları peyk tərəfindən çəkilmiş şəkillər və dünyanın 3000-dən artıq bölgəsində keçirilən hava yoxlamalarına əsaslanır.
Təşkilatın məlumatına görə, qapalı yerlərdə baş vermiş ölümlər daxil olmaqla dünyada hər doqquz ölümdən biri çikrli hava ilə əlaqəlidir. ÜST bildirir ki, problem kömürdən istifadə edən yoxsul ölkələrdə daha aktualdır.
Ekspertlərin dəyərləndirmələrinə görə, 2012-ci ildə havanın çirkliliyi təxminən 3 milyon insan ölümünə səbəb olub.
Azərbaycan ərazisi interaktiv cədvəldə əsasən narıncı və qırmızı rənglərlə təsvir olunub. Naxçıvanın Ermənistanla sərhəd boyu əraziləri, Qarabağın Dağlıq hissəsi, Qazax-Ağstafa-Goranboy-, Şəki-Zaqatala və Quba-Qusar bölgəsi Azərbaycanda havanın ən təmiz olduğu (hər 1 kubmetr havaya 16-25 mikroqram zərərli maddə) regionlarıdır. İşğal altındakı Şuşa şəhəri isə yeganə yerdir ki, orada havanın təmizliyi maksimal sarı rənglə göstərilib və 1 kub metr havaya 11-15 mikroqram zərərli maddənin olduğu deməkdir.
İnteraktiv cədvəldə Ələt qəsəbəsi, Neftçala və Ağcabədi rayonları yerləşən bölgələr tünd qırmızı rəngdə təsvir olunub. Bu isə həmin ərazilərdə havanın çox çirkləndiyini və 1 kub metr havada 26-35 mikroqram zərərli maddənin olduğu deməkdir.