“Gələn il Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfert cari illə müqayisədə əhəmiyyətli dərəcədə azalacaq”.
Bunu maliyyə naziri Samir Şərifov deyib.
“Söhbət təxminən 1,5 milyard manat həcmində azalmadan gedir. Söhbət əhəmiyyətli dərəcədə azalmadan gedir. Bu, onu göstərir ki, dövlət başçısının verdiyi müvafiq tapşırıqlar icra olunur. Yəni biz fondun vəsaitlərindən daha az istifadə edərək, digər mənbələrdən əldə olunan vəsaitlərə müraciət etməliyik. Bunu nəzərə alaraq, gələn il gömrük və vergi daxilolmalarının artması nəzərdə tutulub. Düzdür, vergi daxilolmalarından artım o qədər də böyük deyil”, – deyə nazir qeyd edib.
S. Şərifov əlavə edib ki, gələn il dövlətin xarici öhdəliklərinin yerinə yetirilməsində heç bir problem olmayacaq: “Söhbət həm dövlət borcu ilə bağlı öhdəliklərimizdən, həm də xarici təşkilatlara üzvlük haqlarımızla bağlı öhdəliklərdən gedir. Bundan başqa, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizin saxlanılmasına ayrılan vəsaitlər də vaxtında ödəniləcək”.
***
“Gələn ilin dövlət büdcəsində neftdən daxilolmaların hesablanması üçün neftin 1 barrelinin baza qiyməti 40 dollardan götürülüb”.
Bunu maliyyə naziri Samir Şərifov deyib.
Nazirin həmçinin 2017-ci il dövlət büdcəsinin əsas prioritetlərini də açıqlayıb: “Şübhəsiz ki, büdcə layihəsi hazırlanarkən dünya iqtisadiyyatında baş verənlər nəzərə alınıb. Azərbaycan qlobal iqtisadiyyatın tərkib hissəsidir və baş verənlər bizə də təsirsiz ötüşmür. Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər davam edir. Bunu nəzərə alaraq biz xarici şokların ölkə iqtisadiyyatına təsirini azaltmalıyıq və bu istiqamətdə bir sıra addımlar atılıb. Bilirsiniz ki, cari ildə dövlət sektorunda çalışanların əmək haqları artırılıb. Gələn ildə də bu addımların davamlı olması üçün biz büdcədə maliyyə təminatı yaratmalıyıq. Digər tərəfdən cari ildə sosial müavinətlərin, pensiyaların, təqaüdlərin və digər sosial ödənişlərin artımı baş verib. Bu cür artımların gələn ildə də baş verməsi üçün maliyyə təminatı nəzərdə tutulub”.
***
“Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Şübhəsiz ki, bazar iqtisadiyyatı prinsiplərinə uyğun manatın məzənnəsi öz yerini tapacaq. Bu gün Mərkəzi Bank bu prosesi yaxından izləyir, lazım gəldikdə müdaxilələr edir”.
Bunu maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, manatın fundamental məzənnəsinin tapılması üçün ölkəyə daxilolmalar və çıxarılan vəsait arasında tarazlıq olmalıdır: “Bu tarazlıq baş verdikdə manat öz ədalətli məzənnəsini tapacaq. Hal-hazırda ölkəyə valyuta daxilolmaları bir qədər azalıb. Buna baxmayaraq, Mərkəzi Bank nəticəsində keçirilən iki devalvasiya nəticəsində manatın məzənnəsinin ədalətli məcraya yönəltmək istiqamətində işlər görmək mümkün olub. Bu proses bir neçə faktordan asılıdır. Bizim əsas ixrac məhsulumuz olan neftin qiyməti manatın məzənnəsinə təsir edir. Biz çalışmalıyıq ki, idxal əməliyyatlarımız azalsın. Digər tərəfdən biz ölkəyə daha çox valyutanın daxil olmasına çalışmalıyıq. Bizim ənənəvi ixrac məhsulumuz olan neftlə yanaşı, yeni rəqabətqabiliyyətli məhsulların xarici bazarlara çıxarılmasına çalışmalıyıq. Bu vəzifələr tədricən həll olunduqca, manat nəinki ədalətli məzənnəsini tapacaq, hətta möhkəmlənəcək”. (APA)