ANS-i bağladılar. Bir himə bənd olub bağladılar. Bu dəfə tamam suçsuz ola-ola. ANS bu dəfə ən doğru iş görmək istədi, tərəfsiz olmaq istədi, tərəfə yozdular. Bir ölkənin televiziyası, özü də o birilərlə müqayisədə hələ də ağız boyda nəfəslik olaraq qalan telekanal qıraqdan gələn göstərişlə qapadılırsa, gərək televiziya mövzusunu qapadasan. Olmur. Adamın yaddaşından silinmir, içindən çıxmır.
ANS hamıdan çox danışırdı, hər şeydən danışırdı, necə sərfəlidi elə danışırdı, amma danışırdı. O danışılanların içində közərti mütləq olurdu. Bunu tək ANS edirdi. Bacarıqla edirdi. Susdurdular. Dilini dəyiş, dedilər. Sözün başını burax, sözü mindilli etmə, dedilər. Elə bil ANS heç yoxmuş, olmayıb. Bugünkü ANS-in varlığı-yoxluğu onsuz da bu ölkədə heç nəyi dəyişmir. Dəyişə bilməz. Ölkəni Konstitusiya, Konstitusiyanı prezident dəyişir. Istərsə xalq dəyişər. ANS də dəyişə bilərdi, yolunu dəyişməsəydi. ANS birinci Qarabağ savaşından sonra qınından çıxdı, onu atəşkəs “öldürdü”. ANS-dən illər öncə əlimi üzdüm, telekanalın baş danışmanı Mirşahin Ağayevin “biz tamaşaçı üçün deyil, reklamçı üçün işləyirik” açıqlamasından sonra. Gözləntilər suya düşdü. Bu da axırı, pul üstündə dostluq olmur. Pulun açdığı qapıları ondan artıq pul qapadır.
ANS yoxdur, güman edirəm olacaq. Bu dəfə qarşımıza necə çıxacaq, maraqlıdır! Əzilmiş, bükülmüş, üzü qırışmız, yoxsa foto-şopla. Makiyajlı, makiyajsız, ya bəlkə axır ki, bizə gerçək üzünü özü göstərəcək. Üzü cənubun çiyələk tarlasında işləyən qızların günəşdən yanmış çilli üzü kimi, əlləri torpaqlı, ayaqları palçıqlı, ürəyi Çingizin öldüyü torpaqlarda… Harda? Ya əlimizi biryolluq üzəcəyik ondan. Axı içimizdə hələ közərən “bəlkələr, ola bilsinlər” var. Ardılcıllıq pozulur, deyimlər, gözləntilər və reallıq üst-üstə düşmür, bir-birini tamamlamır. Günah ANS-dədir, hərdən gerçəkçi olub hərdən sapdırdığına görə. Rəngini qoruya bilmədiyinə görə. Tarixini yaşatmadığına görə.
Internetdə nə zamansa yazdığım və çap olunan “Tarixin ANS-i, ANS-in tarixi” adlı yazımı axtarırdım. Rastıma ondan savayı çoxları çıxdı, biri də bu oldu: “ANS kişi kanalıdır”. Saytın yazdığını olduğu kimi qəbul etsək, bu sözləri xalq artisti, millət vəkili Zeynəb Xanlarova ötən il MTRŞ-ANS toqquşması zamanı deyib. Hacıbala Abutalıbovun məşhur “Azərbaycanda bir kişi var” ifadəsinin üstündən. Bu ölkədə kişilik nəylə ölçülür, kişilərin belə dəqiqləşdirə bilmədiyi məsələdə qəti fikir söyləmək çətindir.
Kabel televiziyası çəkdirəndə, hardasa 10-15 il qabaq telekanalların sıralamasında ANS-i birinci qoydurmuşdum. Xəbərlərə ancaq “Xəbərçi”də baxırdım. Indi bizim evdə ANS 13-cü yerdədir. Özü düşüb ora. Çünki harda olmasının elə bir önəmi yox idi, başını buraxdıq. Nə qədər içim qızmasa belə gündə 3-5 yol ANS-in 13-cü sıradakı “qara üz”ü qarşıma çıxır. 12-ci yerdə SPACE, 14-də TRT. 13-cü sıra boşdur. Boş olsa nə vardı, qapqaradır. ANS insanların sevgisini itirdikcə bozardı, qaraldı o üz. Sonra arxa bildiyi kəslərin üzündən qapqara qaraldı, gözü, dili tutuldu. Əslində televizorun “komandanı”nı elə fırladar, əzbər bildiyim rəqəmləri elə ustalıqla seçərəm ki, əlim 13 rəqəminə dəyməz, gözüm qaranlıq görməz. Amma yox, istəmirəm. On üçüncü sırada olsa belə ANS-i görmək istəyirəm. AzTV və peyklərinin meydan suladığı, etibar hüseynovların hələ də yaşadığı efirdə ANS nədən olmasın? Bir zamanlar ANS-in gerçək üzünü təyin edə bilmirdik, etdik. Etdirdilər. Qoy olsun, istər birsifətli, istər minsifətli. Biz ki bildiyimizi bilirik.
Hərdən düşünürəm; yaxşı edib ANS-i cəzalandırdılar. Elə olmasaydı, sözdən saray hörən, iddiası yerə-görə sığmayan, hər zaman hücumda olan Mirşahin Ağayev o üzücü yükü boynuna götürüb heç vaxt üzr istəməyəcəkdi. Fərqi yoxdur kimdən. Mirşahin ölkənin ilk özəl, gerçəkçi televiziyası olaraq hər zaman başlara vurub öyündüyü qosqocaman ANS-ə yiyəlik edənlərin səhv etdiyini, günahkar olduğunu ilk dəfə dilinə gətirdi, bunu da gördük. Adamları sındırdılar, yerdən-yerə vurdular, “ilin-milin adamı” keçməz, bizlə olub kölgəmizdə səfa sürərək arada Molla Nəsrəddinsayağı ayağınızı cızıqdan qırağa çıxarmağınızla öyünə, reytinq (oxu: reklam) yığa, bizə qarşı çıxa bilməzsinizi anlatdılar ya, ANS-i artıq açmaq olar.
Tək gözləntim var: özlərinə hörmət edirlərsə, insanlar gərək daha “dəqiq, qərəzsiz, vicdanlı” olmasınlar.