Bir yandan «Jumeriah», o biri yandan «Amburan» çimərlikləri də ələ keçirib
AHIK sədri, millət vəkili Səttar Mehbalıyevin yardımı ilə bu yay Bilgəh kardioloji sanatoriyasında müalicədə olunub, yaxşıca dincəldim. Xırda nöqsanları çıxmaqla sanatoriyada hər şey yüksək səviyyədədi.
Rahtasızlıq doğuran sanatoriyanın ərazisinin getdikcə kiçilməsidir. Bir yandan “Cumeirah”, o biri yandan “Amburan” və digər özəl əyləncə mərkəzləri dövlətin başlıca kardioloji sanatoriyasını “ofsayda” salmaqda yarışa girib. Hətta çimərlikdə gəzməyə də “Cumeira”nın “qoçuları” yol vermir. Bu çimərlik hələlik müvəqqəti hasarla bölünüb. Lakin yaxın gələcəkdə tamamilə ələ keçiriləcəyi “qoçuların” qırımından görünür. Bəs Sabunçu RIH, burada hər gün keşik çəkən Sabunçu polisi hara baxır? Nəyə görə, zəbt olunma ilə bağlı tədbir görmürlər? Belə çıxır, zəbt olunma “yuxarıdan” razılıq əsasında həyata keçirilir. Yoxsa, Qarabağ əlillərinin özlərinin bağ sahəsində daxma tikməyə yasaq qoyanlar bu boyda işğalı görməzliyə vurmazdı. Bu hələ harasıdır? Bilgəh sanatoriyasının özündə də kafelər, villalar tikilib. “Kolorit” kafesinin sanatoriyanın ərazisində “qarın” obyekti tikməsi onun yiyələrini necə iştaha gətiribsə, kafeyə bitişik yerdə villa da tikib taxta ilə hasarlayıblar. Sabunçu RIH və polisi isə bu villanın təhlükəsizliyinə keşik çəkir.
…Qarabağ əlilləri isə Sabunçu RIH-in “komunxozu” Həbibin, onun qohumlarından ibarət qoçu dəstəsinin qanunsuzluğundan nə gecə yata bilir, nə də gündüz. Gündüz tikməyə qoymurlar, gecə tikiləni də səhər gəlib uçururlar. Görəsən RIH-in işi ancaq söküb-dağıtmaqdır? Bunlar əlillərə, vətəndaşlara xidmət etməli olmalarını bilmir?
Belə getsə, ölkədə bir dənə də olsun pulsuz çimərlik qalmayacaq. Heç pullusu da olmayacaq. Nədən “Cumeirah”ın, “Amburan”ın sıradan vətəndaşın, əlilin qəpik-quruşuna ehtiyacı yoxdur.
Məğrur Bədəlsoy