Yerevanda polis keşikçi-patrul xidməti (KPX) alayı binasını ələ keçirib artıq 10-cu gün saxlayan “Sasna tsrer” (Sasun çılğınları) dəstənin iki üzvü polis tərəfindən yaralanıb və xəstəxanaya çatdırılıb.
Lakin onlar silahı yerə qoymaq fikrində deyillər. Onlar “Müəssislər məclisi” adlı, radikal sayılan müxalif hərəkatının lideri Jirayr Sefilyanın və başqa həbsdə saxlanan “siyasi məhbusların” azad edilməsini, Prezident Sarkisyanın istefasını tələb edirlər.
Ermənistan polisinin məlumatına görə, silahlı dəstənin üç üzvü iyulun 26-na keçən gecə saat 1 radələrində UAZ markalı avtomobillə həmin ərazidə polis tərəfindən bağlanmış Erebuni polis şöbəsinə istiqamət alıblar. Polisin atəşindən sonra maşın çevrilib, silahlı dəstənin üzvləri “geri qaçmağa məcbur olublar”.
Polis “avtomobilin təkər atəş açıb”. Silahlı qrupun iki üzvü ayaqlarından yaralanıb.
Artıq üçüncü gündür ki, silahlı dəstəyə yemək və su ötürməyə imkan verilmir. KPX xidməti alayının ərazisində internet və telefon rabitəsi kəsilib, gecələr elektrik enerjisi verilmir.
Bundan sonra silahlı qrup daha üç polis maşınına od vurub.
“Sasna tsrer” silahlı dəstənin Facebook səhifəsində deyilir ki, təxminən saat 2-də KPX alayı yaxınlığında polis tərəfindən atəş açılıb, nəticədə dəstənin iki üzvü yaralanıb.
Bazar ertəsi axşam saatlarında KPX ərazisi yaxınlığında polis tərəfindən bağlanmış Xorenatsi küçəsində növbəti mitinq keçirilib.
Bu, “Sasna tsrer” dəstəsinin müdafiəsinə ən izdihamlı aksiya olub. Mitinqdən sonra təxminən 2 min adam Yerevanın mərkəzi küçələri ilə yürüşdə iştirak edib. Nümayişçilər əhalini “rejimə qarşı mübarizədə” birləşmək çağırışları, prezident Sarkisyanın istefası tələbləri ilə yenə mitinq yerinə qayıdıb.
Çərşənbə axşamı səhər saat 9-da mitinq iştirakçılarının “Sasna tsrer” dəstəsinə su və yemək ötürmək cəhdləri, polisin buna icazə vermədiyi üçün baş tutmadı.
Lakin məlumat yayıldı ki, səhər tezdən bir gənc öz avtomobili ilə polis maneələrindən keçib, silahlılara yemək apara bilmişdi. Bir-iki saatdan sonra polisdən də məlumat yayıldı ki, “polisin təşəbbüsü ilə silahlı dəstəyə ərzaq və su verilib”.
Aksiyalara bir neçə müxalif partiya liderləri də qatılıb, get-gedə KPX alayı ərazisi yaxınlığında mitinq iştirakçıların sayı artır.