Osman Gündüz: «Kartlardakı məlumatların oğurlanmaması üçün bankomatlara da nəzarət gücləndirilməlidir»
Mərkəzi Bank Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə ölkədə ödəniş kartlarının istifadəsi üzrə risklərin idarə olunması və bu sahədə fırıldaqçılığa qarşı effektiv mübarizə metodlarının müzakirə edilməsi məqsədilə tədbir keçirib.
Tədbirdə qeyd olunan qurumların mütəxəssisləri ilə birlikdə, ödəniş kartları üzrə iri emitent və ekvayer şəbəkələrinə malik kommersiya banklarının nümayəndələri, Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə ekspert Qrupu”nun və “IT üzrə ekspert Qrupu”nun mütəxəssisləri iştirak ediblər. Görüş zamanı Mərkəzi Bank tərəfindən ödəniş kartları ilə əməliyyatlar üzrə baş verən fırıldaqçılıq halları üzrə ölkədə son vəziyyət, bu sahənin tənzimlənməsi istiqamətində mövcud qanunvericilik üzrə tələblər və tövsiyələr barədə məlumat verilib.
Bəs, bu cür fırıldaqçılığın qarşısını necə almaq olar? Kartla bağlı məlumatın arzuolunmaz şəxslərin əlinə keçməsi hansı fəsadlar yarada bilər?
IKT üzrə ekspert Osman Gündüz bildirdi ki, bu istiqamətdə dünyada, son zamanlar isə Azərbaycanda problemlər yaşanır. O.Gündüzün sözlərinə görə, kartla bağlı məlumatların ələ keçirilməsi başqasının adına ödənişlərin edilməsinə və ya ümumiyyətlə, kartdakı vəsaitlərin tam şəkildə çıxarılmasına gətirib çıxara bilər: “Ona görə aidiyyəti qurumlar müəyyən texnologiyalardan istifadə edərək kartdakı məlumatların təhlükəsizliyini təmin etməyə çalışırlar. Əgər banklar öz aralarında bu istiqamətdə razılığa gəlib, müəyyən addımlar atırlarsa, bu, təqdirəlayiqdir. Son zamanlar Azərbaycanda müxtəlif onlayn ödəniş həyata keçirən xidmətlər var. Həm onlarda, həm də banklarda bu istiqamətdə təhlükəsizlik tədbirləri görülməlidir. Eyni zamanda bankomatlara da nəzarət gücləndirilməlidir. Çünki kartlardakı məlumatları müştəri bankomata kartını daxil edib, kodu yığdıqdan sonra da oğurlana bilər. Ona görə bankomatlarda da təhlükəsizlik gücləndirilməlidir”.
Azərbaycanda hələlik kartlar vasitəsilə ödənişlərin az olduğunu deyən O.Gündüz vurğuladı ki, Azərbaycanda hələlik nağd ödənişlərə üstünlük verilir. Amma kartla ödənişlərin sayı da hər ötən gün daha da artır. Ona görə kart istifadəçiləri arasında da maarifləndirmə işləri aparılmalıdır.
Xəyal