Lenta.ru saytı səfirin Dağlıq Qarabağdakı separatçı rejimin başçısına cavabını dərc etməkdən imtina etdi
Rusiyanın “lenta.ru” saytında işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla müsahibə dərc edilib. “Şərq” qəzeti Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir ki, diplomatik nümayəndəlik bununla əlaqədar “lenta.ru”nun redaksiyasına müraciət edərək səfirliyin mövqeyinin dərc olunmasını xahiş edib.
Buna cavab olaraq sözügedən media qurumu Rusiyanın KIV haqqında qanununu kobud şəkildə pozaraq səfirliyin mövqeyini işıqlandırmayacağını bildirib. Bundan başqa, redaksiya Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə müsahibə üçün şərt irəli sürüb. Səfir Bülbüloğlu isə hazırda Rusiyanın da üzvü olduğu və tərkibində müstəsna rol oynadığı ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə münaqişənin dinc yolla nizamlanması üzrə intensiv danışıqların aparıldığı bir zamanda həmin müsahibənin təxribat olduğunu və saytın suallarına cavab verməyin məqsədəuyğun olmadığını hesab edib. Yaranmış vəziyyəti nəzərə alan səfirlik müsahibə ilə bağlı Azərbaycan tərəfinin münasibətini yayıb: “Beynəlxalq ictimaiyyətin səyləri çərçivəsində münaqişənin nizamlanması üzrə ciddi iş görülür və Rusiya bu prosesdə müstəsna rol oynayır.
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri də daxil olmaqla, BMT-yə üzv olan bütün dövlətlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, qondarma DQR-i qəbul etmir. Belə bir şəraitdə Saakyanın böhtanlarını yaymaq nəyə gərəkdir? Ən əsası isə odur ki, həmin böhtan xarakterli iddialar Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiyanın mövqeyinə ziddir və yaranmış vəziyyətdən çıxış yolunun tapılması istiqamətindəki səyləri heçə endirir”.