Məhəmməd Talıblı: «Bank sektorunda dollarlaşma səviyyəsi manatı 3-4 dəfə üstələyib»
Ölkədə yenə dollar qıtlığı yaşanır. Dollarla əməliyyatlar aparan sahibkarlar dollar əldə etməkdə çətinlik çəkdiklərini bəyan edirlər. Maşın bazarında satıcılar arasında sorğu onu deməyə əsas verir ki, banklar 500 dollardan artıq məbləği vətəndaşa satmaqdan imtina edirlər. Bu isə ikinci devalvasiya ərəfəsi əhval-ruhiyyəni gücləndirir. Amma yaranmış vəziyyətdən çıxış yolu kimi hökumət tam başqa yolu seçib
Mərkəzi Bank yenə ənənəsinə sadiq qalaraq dövriyyədəki manatı yığışdırmaqla vəziyyətdən çıxmağa çalışır.
Mərkəzi Bank ikinci depozit hərracının nəticəsini açıqlayıb. Bankın yaydığı məlumata əsasən 4 iyul 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 milyon manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 98,5 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 5,96 % təşkil etmişdir.
“Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə uyğun olaraq istifadə edəcəkdir”,- Mərkəzi Bankdan bildirilib.
4 iyul 2016-cı il tarixində keçiriləcək hərracda 4,01%-6,99% dərəcəsi ilə 50 milyon manat cəlb edilməsi nəzərdə tutulurdu. Hərracın müddəti 1 aydır.
Qeyd edək ki, Mərkəzi Bank bu hərraclar vasitəsilə izafi manat kütləsini dövriyyədən çıxardır.ÿ13 iyun 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən ilk dəfə vəsaitlərin cəlb edilməsi üzrə hərrac keçirilimişdi. Mərkəzi Bank hərracda 150 milyon manat cəlb etməyi nəzərdə tutsa da, cəmi 129 milyon manat cəlb edə bilmişdi. Hərracın nəticəsinə görə, orta ölçülmüş faiz dərəcəsi 6,49% təşkil etmişdi.
Bəs Mərkəzi Bankın manatın məzənnəsini sabit saxlamaq üçün seçdiyi bu yol nə dərəcədə düzgündür?
Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 8-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi iyulun 8-ə 1,5456 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün dollar 1,5425 manata bərabər olub.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, bank sektorunda dollarlaşma səviyyəsi manatı 3-4 dəfə üstələyib. Həm əmanətlərdə, həm kreditlərin verilməsində ortalama nisbət 70% təşkil edir. Bu bir ölkənin iqtisadiyyatı üçün həddən artıq yüksək göstərici hesab olunur: “Bu o deməkdir ki, milli valyuta olan – manatın tədavül vasitəsi kimi funksionallığı çox ciddi olaraq sual altındadır. Onu işlək valyuta olaraq ölkə vətəndaşları istifadə etməkdə maraqlı deyillər. Manatı bazardan yığıb çıxarmaqla dollar-manat proporsiyasına nail olmaq hələ valyuta sabitliyi demək deyil. Hər iki valyutaya tələb-təklif nisbəti bu həddi özü formalaşdırmalıdır. Ona görə manatı bazardan yığıb çıxarmaqla dollara süni tələb formalaşdırmaq mümkün olmayacaq. Çünki, dollar tələbi hələ də ən yüksək valyuta olaraq qalmaqdadır”.
M.Talıblının sözlərinə görə, hətta Formula-1 yarışmalarında dollar təklifinin artması ilə bağlı manata tələb artmadı. Halbuki, həmin yarış üçün ölkəmizə gələn turistlərin avro və ya dollar xərcləməsi də valyuta bazarında epizodik səliqə-səhman yaratmadı: “Demək, problemin həlli hansısa ötəri hadisələr və birdəfəlik ”dopinqlərdə” deyil, davamlı və təminatlı valyuta bazarının formalaşmasındadır. Elə birdəfəlik “həblərlə” iqtisadiyyatın patalogiyası düzəlməyəcək”.
Xəyal