Qəzet bunu keçmiş leyborist liderin Avropa İttifaqı ilə danışıqlarda öz xidmətini təklif etməsi kimi yozur.
“The Telegraph” qəzetində dərc olunmuş məqaləsində cənab Blair bildirir ki, Brüssellə danışıqların “avroskeptik nazirə” həvalə edilməsi yanlış addım olardı. “Bu, fövqəladə mürəkkəb danışıqlar olacaq. Burada hər detalda minlərlə qənbərqulu var….Bu iş “ciddi dövlətçilik” səriştəsi tələb edir” – yazır Blair.
Cənab Blair hesab edir ki, Avropa İttifaqı ilə Brexit danışqılarının ittifaqdan çıxmaq tərəfdarı olmuş şəxsə tapşırılması ciddi suallar doğurardı.
Keçmiş nazir, əksinə, hesab edir ki, “baş danışıqçı kompromisə gedilməli və ya qırmızı xətt sayılmalı məsələləri ciddi şəkildə duyan” şəxs olmalıdır.
O davam edir: “Bu məsələdə 27 ölkənin psixologiya və hisslərini duymaq və formalaşdırmaq həlledici əhəmiyyətə malikdir”.
Nigel Farage-ın monoloqu
Cənab Blair, habelə bu həftənin əvvəlində Nigel Farage-ın Avropa Parlamentini lağa qoymasını kəskin tənqid edir və hökumətə bu monoloqun vura biləcəyi ciddi ziyanı lazımınca qiymətləndirməyi məsləhət görür.
Tony Blair yazır ki, ittifaqda qalmağa səs vermiş 48 faiz insan tamamimilə “ruhdan salınıb və yadlaşdırılıb”.
Təhlilçilər Blair-in sözü gedən məqaləsini danışıqları təsirləndirmək cəhdi kimi yozurlar.
Onlar xatırladırlar ki, qatı avropərəst olan Blair 2009-cu ildə Avropa İttifaqı prezidenti olmaq istəsə də, buna nail ola bilməmişdi.
“Ölkəmiz təhlükədədir…”
Blair-in məqaləsində deyilir ki, “Britaniya danışıqılar zamanı bütün variantları açıq saxlamalıdır”. O israr edir ki, bu daha bir referendumun keçirilməsi zərurəti demək deyildir.
Buna baxmayaraq, keçmiş baş nazir yazır ki, “əslində insanlar fikirlərini dəyişə bilərlər, lakin bunun üçün hələ bir qədər tezdir”. “The Telegraph” yazır ki, Tony Blair-in bu sözlərini də onun danışıqçı kimi məhz özünü təklif etməsi kimi izah etmək oalr:
“Ölkəmiz təhlükədədir. Bundan salamat çıxmaq üçün biz danışıqlarda özümüzü siyasətdə ağlı kəsən adam kimi aparmalıyıq. Bu işə yetkinlik, təmkin lazımdır. Burada inciklik hissinə yol vermək olmaz. Çünki söhbət bizim bir ölkə kimi dünyadakı gələcəyimizdən və Birləşmiş Krallığın özündən gedir”. (BBC azeri)