Bakı Zooparkının direktoru Azər Hüseynov Qobuda ayrılan ərazidə zoopark yaradılmasının mümkün olmadığını bildirib.
“Mən 1995-ci ildən hər il müvafiq orqanlara müraciət etmişəm ki, Zoopark geniş olmalıdır. 2008-ci ildə müraciətlərimiz nəzərə alınaraq, Qobuda 55 hektar yer ayrılıb. Orda oldum və dedim ki, həmin ərazidə Zooloji Parkın yaradılması mümkün deyil. Çünki torpaq gil və duzdan ibarədir. Orda yaxın 15-20 ildə yaşıllığın yaradılması mümkün deyil. Sonra Ceyranbatanı təklif etdilər. Ceyranbatan nisbətən yaxşı yerdir. Amma lap yaxşı yer istəsəydilər, mən təklif edərdim”.
Azər Hüseynov təklif etdiyi yeri də açıqlayıb:
“Məsələn, Bakı Expo Mərkəzindən sonra yaxşı yaşıllıq massivi var, istərdim, orda olsun. Yaxud Xocasən gölü ilə birləşən ərazi, Zığ yolunda zeytunluq var, oraları istərdim.”
Azər Hüseynov bildirib ki, turizm Azərbaycanın gələcəyidir: “Ona görə də Azərbaycanın bir neçə şəhərində Zooloji Parklar olmalıdır. Məsələn, Lənkəran zonası, Gəncə, Quba, Naxçıvan və gələcəkdə Dağlıq Qarabağda. İnanıram ki, bütün bunlar olacaq. Kifayətdir biznes adamları toyxana, əczaxana tikdi, gəlin diqqətimizi zooloji parklara yönəldək”.
Mənbə: APA