May ayının sonlarından başlayan və təxminən 5 həftə davam edən döyüşlərdən sonra İraq Müdafiə Nazirliyi İŞİD-in Fəlluca şəhərində yerləşən son istehkamlarını da dağıtdığını rəsmi şəkildə bəyan edib.
İŞİD-in son döyüşçülərinin də şəhəri tərk etməsi ilə Fəlluca yenidən rəsmi Bağdadın nəzarəti altına keçib.
Fəlluca əməliyyatı rəsmi Bağdad üçün həyati önəm daşısa da, göründüyü kimi, şəhərin geri alınması hələ ki, İraq ordusuna strateji üstünlük qazandırmayıb.
Məzhəb qarşıdurması
Hələ hərbi əməliyyatların yenicə başladığı bir vaxtda bir çox mütəxəssis Fəllucanın geri alınmasını İraqda yeni məzhəb qarşıdurmasının başlanması üçün bir işarə olacağını qeyd etmişdilər.
Bu şərhlərə diqqətlə nəzər yetirdikdə doğruluq payının olduğunu görmək heç də çətin deyil.
Fəllucanın geri alınmasında İraqın hökumət qoşunları, daxili qoşunlar, həmçinin İraqın şiə lideri Əl-Sədrin şiə döyüşçüləri də iştirak edirdi.
Şiə döyüşçülərinin bu əməliyyatda iştirak etməsinin əsas səbəblərindən biri bu şəhərin “şiələşdirilməsi”dir.
Fəllucada şiə məhəllələrinin mövcud olmasına baxmayaraq, şəhər ən böyük sünni şəhərlərdən və keçmiş Səddam Hüseyn rejiminin dayaq məntəqələrindən biri hesab edilirdi.
Digər səbəb isə bu əməliyyatda şiələrin fəal iştirakı ilə Ayətullah əl-Sədr öz tərəfdarlarının İraqın gələcəyində daha fəal iştirak etmələrinə rəsmi Bağdaddan zəmanət almış olur.
Təbii ki, bu nüans İraqdakı sünni qruplaşmaların və siyasi partiyaların ürəyincə olmasa da, əməliyyata logistika və hava zərbələri ilə dəstək verən ABŞ-ın təkidi ilə bu fakt müvəqqəti də olsa, gözardı edildi.
Çətin sınaq
3 il öncə İraqın ən strateji bölgəsi Mosulun terrorçu qruplaşmanın əlinə keçməsi Hüseyn Abadi hökumətini çox çətin sınaqlar qarşısında qoydu.
Bağdadda başlayan və bir neçə ay davam edən etiraz dalğası Bağdad hökumətinin əlacsız olmasının bariz nümunəsi idi.
Şübhəsiz ki, Abadi öz hökumət kabinetinin imicini yaxşı yöndə dəyişmək üçün ilk hədəflərdən biri kimi Fəlluca şəhərini seçib.
ABŞ hərbçilərinin öz etiraflarına görə də, Fəllucanın qaytarılması Mosulun da qaytarılmasına heç bir zəmanət vermir, çünki Fəllucanın geri alınması İraq ordusu üçün sadəcə kiçik bir dəhliz rolunu oynayacaq.
İraq Daxili İşlər Nazirliyinin sözçüsü Sabah əl-Nümani isə mətbuata açıqlamasında bildirib ki, “Fəllucada İŞİD-in döyüş qabiliyyətinin çox zəiflədiyinin şahidi olduq və buna görə də əminliklə deyə bilərik ki, növbəti hədəfimiz Mosul olacaq”.
Bəyanat ümidverici səslənsə də, Mosulun geri qaytarılması Bağdadı qarşıda gözləyən ən çətin sınaqlardan biri olacaq.
Çünki yeni hərbi əməliyyatın təşkili üçün baş nazir Abadi hökumət kabinetindəki fikir ayrılıqlarına son verməli, Ayətullah əl-Sədr ilə yeni danışıqlara getməli və ən əsası ABŞ-ı yenidən İraq ordusuna havadan dəstək verməyə inandırmalıdır.
Bundan bir müddət öncə Bağdadda özbaşınalıqlara etiraz əlaməti olaraq vətəndaşlar ölkə parlamentinə hücum edərək binanı ələ keçirmiş və hökumətdən təcili islahatlara getməyi tələb etmişdilər.
Abadi hökumətinin acizliyini görən Ayətullah əl-Sədr isə ona bu problemləri həll etməyəcəyi təqdirdə bütün böyük şəhərlərdə şiələri yenidən ayağa qaldıracağı ilə bağlı açıqca hədə qorxu gəlmişdi.
Belə görünür ki, bütün bu daxili problemlər hələ uzun müddət də rəsmi Bağdadı çətin dilemma qarşısında saxlamağa davam edəcək. (BBC azeri)