ABŞ Dollarının Manat qarşısında bahalaşması və 24 Apreldə bankların xarici valyuta satışını dayandırması idxal ilə məşğul olan iş adamlarına öz mənfi təsirini göstərməkdədir. Bakıda taxta satışı ilə məşğul olan iş adamlarından biri “Marja”ya bildirdi ki, dünən və bu gün dollar almaqda çətinlik çəkiblər.
“Banklara Dollar almağa getdikdə, Dolların satış qiymətinin 1,59 olduğunu, amma satışın olmadığını bildirirlər. Mərkəzi Bankın tələbinə görə, banklar Dolların rəsmi məzənnəsindən maksimum 4% baha sata bilərlər. Amma 4%-lik marja da banklara bəs etmir. Tanışlıq ilə Dolları 1,61-dən satırlar ki, bu da 7%-ə yaxın marja deməkdir. Bank işçiləri bu təklifi yaxşı tanındıqları müştərilərinə təklif edə bilirlər”, – adının açıqlanmasını istəməyən iş adamı “Marja”ya bildirdi.
İş adamının sözlərinə görə, dolları baha aldıqlarından taxtanın 1 kub metrinin qiymətini hazırkı 245-250 manatdan 265-270 manata qaldırmaq məcburiyyətindədirlər:
“Hazırda satışda olan taxta üçün dolları 1,53-dən almışdıq. Çoxları deyir ki, siz buna görə, qiyməti qaldırmalı deyilsiniz. Bu düzgün yanaşma deyil, çünki biz əlimizdə olan manata daha az dollar ala biləcəyik. Bu ala biləcəyimiz taxtanın da azalacağı deməkdir. Sifarişimizin həcminin aşağı düşməməsi üçün bu gün qiymətləri qaldırmalıyıq”.
DEPUTATIN PROQNOZU İŞ ADAMLARINI QORXUDUB
Bir neçə iş adamı ilə söhbətdən bəlli olub ki, onların ajiotaja düşməsinin səbəblərindən biri də Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun açıqlaması olub. Vahid Əhmədov, “1 dollar 1,80 manata qədər bahalaşacaq” deyə mətbuata bildirmişdi.
CAVABDEH QURUMLAR BELƏ AÇIQLAMALAR VERDİLƏR
Əlavə edək ki, Azərbaycan Mərkəzi Bankı və Maliyyə Bazarlarını Nəzarət Palatası İngiltərədə keçirimiş referendumun Azərbaycanın valyuta bazarına təsirinin olmadığını bildirirlər.
“Azərbaycan Mərkəzi Bankının (AMB) elan etdiyi yeni məzənnə rejiminə uyğun olaraq, ABŞ dollarının manata nəzərən məzənnəsi dünya maliyyə bazarlarında “Brexit”lə bağlı gedən məzənnə dəyişikliklərindən deyil, yerli valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır.
Valyuta bazarındakı tələb-təklif nisbətinə isə təsir göstərən əsas amillər tədiyə balansının vəziyyəti, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi, büdcə ehtiyacları üçün neft transferlərinin həcmi, həmçinin ölkədə de-dollarizasiya istiqamətində görülən tədbirlərdir”,- Mərkəzi Bankdan bildirilib.
“Brexit”in ölkədə maliyyə sabitliyinə dərhal və birbaşa təsiri üçün fundamental əsaslar yoxdur”,- Palatadan bildirilib. (Marja)