“Gör nə günlərə qaldın, vətən!”
“Azadlıq” qəzeti yeni layihəyə başlayır. Bu gündən etibarən cəmiyyətdə ən çox müzakirə olunan mövzuları sosial media istifadəçilərinin fərqli baxış bucağı altında diqqətinizə gətirəcəyik. Layihə sosial mediada gündəmə çevrilən mövzuları əhatə edəcək.
Cavid Hüseynova oxunan hökm
Futbolçu Cavid Hüseynovun 4 il azadlıqdan məhrum edilməsi günün sosial media müzakirələrində üstünlük təşkil edən mövzulardan biri olub. Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynova məhkəmə hökmü mayın 31-də Səbayel rayon Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə oxunub.
Bu hökmə sosial media istifadəçilərinin münasibəti birmənalı olmayıb. Bəziləri bu cəzanı Cavid Hüseynov üçün ağır, bəziləri isə əksinə, yüngül hesab edib.
Zaur Məmməd yazır ki, “Cavid Rasimi bir dəfə görüb, onda da xəstəxanaya yanına gedəndə. Ondan başqa nə Rasimlə görüşüb, nə də onu vurub. Hələ qohumuna da deyib ki, heç nə lazım deyil. Bunları Whatsapp yazışmaları da göstərdi. Onun təqsirkar olmağı sübuta yetirilmədi. Heyf! Cavid Hüseynov günahsız idi”.
Rüfət Baxışbəyli cəzaya belə münasibət bildirib ki, “Cavidi də bədbəxt edən xalqın baş bəlası Əliyev rejimi oldu”.
“4 il həbs verdilər. Heyf o cür oyunçudan. Bizdə belədir də, bir az pul-imkan olan kimi harınlayır hər kəs. Elə bil “vor-zakon”durlar. Düşünürlər ki, Azərbaycan bunlarındır”, – Kamran Piriyev adlı facebook istifadəçisi qeyd edib.
Orxan Ağayev bildirib ki, “Bilmirəm nə dərəcədə doğru qərar idi, amma faktdır ki, Cavid Hüseynov 4 illik həbsxanaya transfer olundu”.
Amid Məhərrəmov isə yazır ki, “Dostu-tanışı özümüz seçsək də, təəssüf ki, qohum-əqrəbanı biz seçmirik”. O, təəssüflənərək bildirib ki, “Qohumları üzündən Cavidin karyerası və həyatının müəyyən hissəsi puç oldu”.
“Bu cəza idmanımızın adına ləkə gətirən idmançılar üçün bir dərs olar”, – Azər Məmmədov belə düşünür.
“Bir söyüş, bir kəlmə, həkimin səhvi bir ömür aldı, 1 karyera bitirdi və onlarla insana faciə yaşatdı”, – Təranə Xudabaxşıyeva qeyd edir.
Orxan Səlimzadə isə bunu “Son dövrlərin ən ədalətli məhkəmə prosesi” kimi təsvir edir.
Erməni deputatın bəyanatı
Sosial şəbəkələrdə çox müzakirə olunan mövzulardan biri də erməni deputatın aprelin əvvəllərində Qarabağda gedən hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun azad etdiyi ərazilərlə bağlı bəyanatıdır. Ermənistanın hakim Respublika Partiyasından deputat Lernik Aleksanyan bildirib ki, bu ərazilər “münasib vaxtda hərbi və ya diplomatik yolla” sentyabrın 1-nə qədər qaytarılacaq.
Sosial şəbəkə istifadəçilərin əksəriyyətinin bu bəyanata reaksiyası hiddətli olub.
Samir İbrahim qeyd edir ki, “Ermənilərin bu bəyatından sonra Azərbaycan Ordusu dərhal düşmənə zərbələr endirməliydi. Bu bəyanat Azərbaycan dövlətini aşağılayan bəyanatdır”.
“100-dən çox şəhid verib, aldığımız 800 hektar torpağı ermənilər ultimativ şəkildə sentyabrın birinə kimi qaytarmağımızı tələb edirlər! Gör nə günlərə qaldın, vətən!”, – Arzuman Məcidli yazıb.
Tanınmış iqtisadçılardan Vahid Məhərrəmov qeyd edib ki, “Ermənilər indi xahiş etmirlər, artıq hədə-qorxu gəlirlər”.
“Şərt qoyub. O çox gözəl bilir kimə şərt qoymalıdır. Onun kimi bir şəxs yalnız iradəsiz bir ölkə başçısına şərt qoya bilər”, – Musa Kazımlı belə düşünür.
Ramil Əmirov Azərbaycan rəhbərliyinin ermənilərin qabağında acizliyindən gileylənərək bildirir ki, “Yenə siyasətçilərimiz stol arxasında məğlub olurlar”.
Rahib Rzayev isə yazır ki, Ermənistan tərəfinin əvvəlki mövqelərə qayıtmaq tələbini dəstəkləyir: “Azərbaycan mütləq öz əvvəlki mövqelərinə qayıtmalıdır: Xocalıya, Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Zəngilana”.
“Bunlar bizim torpaqlarda özlərini ağa kimi aparır”, – Elmar Rza adlı fb istifadəçisi yazıb.
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin də hadisəyə yanaşması maraq çəkib: “Bəzi vətənsevər soydaşlarımız hakimiyyətimizin bu həyasızlıq qarşısındakı susquluğundan narahatlıqlarını bildirirlər. Əzizlərim, bizimkilərin başı “Lələ Təpə” tortu yeməyə qarışıb, yeyib doysunlar, yəqin ki, ondan sonra bu cür önəmsiz məsələlərlə də məşğul olacaqlar”.
“İndi görəsən, aprelin 5-də ordumuza dur əmri verənlər özlərini təhqir olunmuş hesab edirlərmi?”, – Rafiq Manaflı sual edir.
“İşğalçı, işğal etdiyi ərazinin 800 hektarını itirdiyinə görə qəzəblidir, işğala məruz qalan isə 800 hektarla kifayətlənib atəşkəs öhdəliyi götürür”, – İlham Hüseyn yazır.
İlkin