Avropa Birliyi Şurasının başçısı Donald Tusk Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları ləğv etmək niyyətində olmadığını bildirib.
Onun sözlərinə görə, nə qədər ki Moskva Minsk sazişlərini yerinə yetirmir, sanksiyalar davam edəcək.
“Təəssüf ki, Minsk sazişlərinin yerinə yetirilməsi sahəsində irəliləyiş keçən ildəkindən daha azdır”, Yaponiyada G7 zirvə görüşü ərəfəsində Tusk bildirib.
Tusk qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların uzadılması barədə qərar 2-3 həftə ərzində verilməlidir və o, ümid edir ki, Aİ ölkələri liderləri sanksiyaların uzadılacağı barədə qərar qəbul edəcəklər.
Avropa Şurası başçısının fikrincə, G7-nin nüfuzu yaxın illərdə bu qrupa daxil olan ölkələrin “ümumi dəyərləri müdafiə etmək ” qabiliyyətindən asılı olacaq, bu səbəbdən G7 ölkələri ərazi mübahisələrilə bağlı məsələlərdə sərt mövge tutmalıdırlar.
Bununla bağlı, Tusk Çinin neytral sulara iddialarını və Rusiyanın Krımı ilhaq etməsi kimi məsələləri qeyd edib.
“Könkret olaraq, mən cənubi və şərqi Çin dənizlərində dəniz təhlükəsizliyi məsələsini və Rusiya ilə Ukrayna arasındakı problemi nəzərdə tuturam”, Tusk deyib.
Onun sözlərinə görə, “ümumi dəyərləri təkcə qəbul etmək bəs deyil, onları müdafiə etməyə hazır olmaq lazımdır”.
Aİ tərəfindən Rusiyaya qarşı sanksiyalar Krımın ilhaqı və Ukraynanın cənub-şərq bölgəsində münaqişə ilə bağlı yeridilmişdi.