Ukraynalı pilot Nadejda Savçenkonun azad edilməsi Rusiya tərəfindən Minsk sazişinin yerinə yetirilməsinin mühüm bir hissəsidir, ABŞ dövlət katibi John Kerry-nin bəyanatında deyilir.
Bu razılaşmanın qalan hissəsinin yerinə yetirilməsi üçün stimul olmalıdır, Amerika diplomatiyasının rəhbəri bildirib.
ABŞ dövlət departamentinin bəyanatında, həmçinin, sazişin icrasız məqamları da sadalanır: Ukraynanın şərqində tam atəşkəsin elan edilməsi, burada Ukrayna qanunlarına və ATƏT-in standartlarına uyğun seçkilərin keçirilməsi, əcnəbi qoşunların, muzdluların və hərbi texnikanın regiondan çıxarılması, həmçinin, Ukraynaya xarici sərhədləri üzərində tam nəzarətin qaytarılması.
Bundan başqa, ABŞ Rusiyanı bütün girovların və digər qanunsuz saxlanılan insanların azad edilməsini nəzərdə tutan minsk razılaşmalarına riayət edilməsinə çağırıb.
Çərşənbə günü Rusiya prezidenti Vladimir Putin Ukraynanın Luqansk vilayətindəki iki rusiyalı jurnalisti qətlə yetirməkdə günahlandırılaraq 22 il müddətinə azadlıqdan məhrum edilmiş Nadejda Savçenkonu əfv edib.
Eyni zamanda Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə terror təşkilatında iştirak və hərbçinin qətlə yetirilməsində ittiham olunaraq 14 il müddətinə azadlıqdan məhrum edilmiş rusiyalı Aleksandr Aleksandrov və Yevgeniya Yerofeyevanı əfv edib.
Çərşənbə günü yerli mətbuatın yazdığına görə, Ukrayna prezidentinin təyyarəsi Rusiyada həbsdə saxlanılmış ukraynalı pilot Nadejda Savçenkonu vətəninə gətirib.
Minsk protokolu Rusiya, Ukrayna və ATƏT nümayəndələri tərəfindən tanınmamış Donbas respublikalarının iştirakı ilə 2014-cü ilin payızında imzalanıb.
Saziş atəşkəs elan etsə də, 2014-ü ilin sonu, 2015-ci ilin əvvəlində Ukraynanın şərqində aktiv döyüş əməliyyatları yenidən başladı.
2015-ci ilin fevralında Rusiya, Ukrayna, Fransa və Almaniya münaqişənin nizamlanmasına dair danışıqların daha bir mərhələsini keçirib. Nəticədə daha bir saziş paketi imzalanıb.
Bağlanmış razılaşmaya baxmayaraq, Ukraynanın şərqində hələ də atışmalar barədə xəbərlər gəlir.
(bbc azəri)