Uşaq vaxtı hər yaz ağzı atam evə qucaq-qucaq yasəmənlər gətirərdi. Mövsüm çiçəklərini sevməyim yəqin ki, bundandı. Amma uzun illərdi ki, mən sevdiyim bu çiçəkləri doğmalarım üçün bir vaxtlar atamın yasəmənlər gətirdiyi Ramana kəndinə aparırıam.
Hər gün evimizin qapısını xatirə dəftəri kimi açıb-örtürəm. Elə Ramanada ara-sıra getdiyim evlərin qapısını da… O qapıların biri bir vaxtlar atamın yasəmənlər gətirdiyi həyətə açılır. Həmin yasəmən ağacı daha yoxdu, bəlkə mən nə vaxtsa onun hekayəsini yazdım, amma bu gün sizə başqa bir ağacın hekayəsini danışmaq istəyirəm. Məhəmməd Əmin qarağacının.
Hekayənin əvvəlində onlar hamısı cavan idi… Məşədi Şükür, Murad Şirəli oğlu, Məhəmməd Əmin… Hə, Məhəmməd Əmin Rəsulzadəni deyirəm. Onda hələ sovet ordusu Azərbaycanı işğal eləməmişdi, heç cümhuriyyət də qurulmamışdı… Onlar Ramanada bu evlərdə gizlicə yığışar, Müsavatın yığıncaqlarını keçirər, məmləkətin gələcəyi haqqında arzularından, görüləsi işlərdən danışardılar. Onlar müsavatçılar idi. Amma Məhəmməd Əmin bəy Ramanaya təkcə yığıncaqlara gəlməzdi.
Muradla yaxın dost idilər. Məhəmməd Əmin dönə-dönə gəldiyi bu evin həyətində iki qarağac əkmişdi. O qarağaclardan biri çox yaşamadı, amma o birinin ömrü onun pöhrə vaxtını görən insanlardan uzun, çox uzun oldu… Yəqin ki, bu qarağac Muradın oğlu, bir qış günü – 29 fevralda anadan olan balaca Məmməd Əminin doğulduğu günü də xatırlayır. Onda 1922-ci il idi və böyük Məhəmməd Əmin Rəsulzadə artıq Azərbaycandan uzaqdaydı. Amma onlar o qədər yaxın dost idilər ki, Murad bu dostluğu ölüncəyə qədər yaşatdı. Və qürbətdə olan dostunun adını hər gün evində çağırdı. 28 aprel işğalından sonra Lahıca getməzdən əvvəl Məhəmməd Əmini gizlətdiyi evində…
Oğlu anadan olduğunu Murad misgər dükanında eşitmişdi. Oğlumun adını Məmməd Əmin (sənədlərdə belə yazılıb) qoydum deyən Murad həmin gün üstündə əski əlifbayla Məmməd Əmin yazılan, yanında da ay-ulduz döyülmüş iri bir mis qazan da sifariş eləmişdi…
Amma onda əlində olan sənədləri, şəkilləri taxçanın içinə qoyub divarı hörmüşdü. Artıq zaman o zaman deyildi… Murad özü 1937-ci ildə elə doğulduğu kənddə dünyasını dəyişdi və Ramana kənd qəbristanlığında dəfn olundu…
Balaca Məmməd Əminsə bu adı düz 76 il yaşatdı. Neft texnikumunu bitirdi. Müharibədə iştirak eləyib, qayıdanda Ramanada 12-ci mədəndə işlədi. Evlənib, iki qız atası oldu. Övladlarına hərdən olub-keçənlərdən, öz adının tarixçəsini danışarmış.
Bütün bunları, hətta Məhəmməd Əmin bəyin evlərinə gedib-gəldiyi zamanları onun böyük bacısı – 1990-cı ilin 20 yanvar günü dünyasını dəyişən Vəcihə xanım ömrünün son günlərinə qədər xatırlayarmış…
Vaxtilə evin divarına hörülmüş sənədlər isə uzun illər sonra övladları evi təmir eləyəndə üzə çıxdı. Amma divarın arasında qalan sənədlər o qədər nəm çəkibmiş ki, əllərində ovulub-tökülüb. Təəssüf ki, onları Bərpa Mərkəzinə aparıb oxutmaq, bərpa eləmək heç kəsin yadına düşməyib. Eləcə bir sellofan torbaya yığıb atıblar… Həmin kağızların arasında Müsavat Partiyasının tarixiylə bağlı nə qədər sənədlərin, faktların olduğunu düşünəndə təəssüf sözü öz gücünü itirir… O ki qaldı şəkillərə, təbii ki, həmin illərdə Məhəmməd Əmin Rəsulzadənin şəklini öz evində saxlamağa kimsənin cəsarəti çatmaz, imkanı olmazdı… Şəkilləri elə o vaxt öz əllərilə cırıb-atıblar. …Qalan təkcə dildən-dilə keçən, nəsildən-nəsilə ötürülən xatirələrdi… Bir də bu Qarağac. Həmin qarağaclar haqqında bu kənddə hələ də söz-söhbətlər dolaşmaqdadı…
“Muradla Məhəmməd Əminin dostluğu o qədər möhkəm imiş ki, hətta Məhəmməd Əmin Azərbaycanı tərk eləyəndən sonra dostu onun adını yaşatdı. O iki qarağac da dostu Murada Məhəmməd Əminin yadigarıydı”. Bunu Ramana kənd məktəbinin tarix müəllimi Xırdaxanım müəllimə deyir.
Şükür müəllim isə yaşadığı evdə vaxtilə müsavatçıların yığışdığından danışır: “Atamın qohumu Məmmədrza kişinin dilindən eşitmişəm ki, müsavatçılar 18-ci ildən əvvəl tez-tez indi bizim yaşadığımız bu evdə yığışıblarmış. Onların burda görüşləri olub. O vaxt Məhəmməd Əmin Rəsulzadə tez-tez bu evdə olub. Sonra təqiblərdən qaçdığı vaxtlarda Murad kişi, anamın əmisi onu bir neçə gün öz evində gizlədib. Qarağac var, onun yanındakı evdə. Ondan sonra onu burdan Şamaxıya yola salıblar.
Babam Məşədi Şükür də müsavatçı olub. Məşədi Şükür də öz oğlunun adını Mustafa Kamal paşanın şərəfinə Kamal qoymuşdu. Onlar bir yerdə dost olublar. Amma Məhəmməd Əmin bəyin Muradla xüsusi dostluğu olub. Oğlunun adını da onun şərəfinə Məmməd Əmin qoymuşdu…”
“Məmmədrza kişi danışırdı ki, bu evdə, bu otaqda böyük bir yemək stolu vardı, o stolun ətrafında müsavatçılarla birlikdə Məhəmməd Əmin Rəsulzadə burda yığıncaqlar keçirib. Hər dəfə deyirdi ki, bu yerdə Məhəmməd Əmin Rəsulzadə oturub. Onun burda söhbətləri olub. Bu otaqda onun xatirəsi qalıb”. Bunu da evin xanımı Aysa xanım əlavə eləyir. Söbətimiz xeyli çəkir…
Mən o, öz dostunun həyətində görən niyə qarağac əkib deyə düşünürəm… Sualın cavabı özünü çox da gözlətmir… Axı qarağac gövdəsi möhkəm və bol kölgəsi olan ağacdı! Burda da bir rəmz var, işarət var. Bu ağac yerində möhkəm dayanacaq, öz qol-budağıyla ətrafında olanları günəşin yandıran, sərt şüalarından qoruyacaqdı.
Bütün bunları görmək Böyük Məhəmməd Əminə qismət olmayıb. Amma onun adını daşıyan balaca Məhəmməd Əmin də, ailənin uzun ömür yaşamış üzvləri də o ağacın kölgəsində nə qədər dincəlib…
Bəlkə 100 ildi ki, Bakının Ramana kəndində Məhəmməd Əminin adı, xatirəsi yaşayan bu evin həyətində bir qarağac var. Mənim qarağacım! Bizim hamımızın qarağacı! Yarpaqlarını, budaqlarını oxşayıram, əzizləyirəm… Qocaman gövdəsinə sığınıb pıçıldayıram ki: çox sağ ol, öndərim, Rəsulzadəm! Keçdiyin hər yerdə gözəl əməllərin, işıqlı xatirələrin qalıb. Gördüyün ən adi işlərdə belə necə böyük hikmət gizlənib. Könlümüzdə də elə bu cür yaşayırsan. Yenilməyən ucalıq kimi, nur seli kimi, bitməyən sevdamız kimi!
Indi uşaqlıq xatirələrimlə dolu olan bu kənddə üz tutacağm bir ünvan da var. O, sənin yadigarındı… Mənim ucalardan uca Qarağacım!
Nəcibə