Cəzaçəkmə müəssisəsi rəhbərliyinin bu hərəkətlərilə əlaqədar Avropa Məhkəməsinə şikayət göndəriləcək
Mayın 24-də Bakı Apelyasiya Məhkəməsində vəkil Yalçın Imanovun 4 saylı cəzaçəkmə müəssisəsi rəhbərliyinin hərəkətlərindən verdiyi şikayətə baxılıb.
Vəkil həmin cəzaçəkmə müəssisəsində saxlanılan araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın yanına gedib-gələrkən şəxsi axtarışa məruz qalması, sənədlərinin senzuradan keçirilməsilə əlaqədar bir müddət əvvəl Xətai Rayon Məhkəməsinə müraciət etmişdi. Iddia ərizəsində müəssisə rəhbərliyinin bu hərəkətlərinin qanunsuz hesab edilməsi xahiş olunurdu. Lakin Xətai Rayon Məhkəməsi vəkilin iddiasını təmin etməyib. Yalçın Imanov həmin qərardan apellyasiya şikayəti vermişdi.
Apelyasiya şikayətinə qapalı məhkəmə iclasında baxılıb və təmin olunmayıb.
Məhkəmə iclasından sonra Yalçın Imanov bildirib ki, özü və vəkili Fariz Namazlı proses zamanı üç vəsatət qaldırıb: “Birinci instansiya məhkəməsində cəzaçəkmə müəssisəsinin nümayəndəsi bildirmişdi ki, mənim üzərimdə əməliyyat-axtarış həyata keçirilməsinə dair qərar var. Həmin qərarın surətinin məhkəmə tərəfindən alınmasını istədik. Digər iki vəsatət isə Xədicə Ismayılın və müəssisənin əməkdaşı, gizir Allahverdi Hüseynovun məhkəmədə şahid qismində dindirilməsi barədə idi. Heç biri təmin olunmadı”.
Yalçın Imanov deyir ki, məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin kifayət qədər əsasları var: “Xədicə Ismayılın vəkilləri 4 saylı cəzaçəkmə müəssisəsinə giriş və çıxış zamanı şəxsi axtarışa məruz qalır, sənədləri qanunsuz senzuradan keçirilir. Bu isə müdafiə hüququnun kobud şəkildə pozulmasıdır. Vəkillik fəaliyyətinin səmərəliliyinə xələl gətirir. Konstitusiya dövlət adından səmərəli və keyfiyyətli vəkil xidmətinə təminat verir. Amma dövlətin bir orqanı bu xidmətin həyata keçirilməsinə maneə yaradır”.
Vəkil əlavə edir ki, məhkəmə nəzarəti qaydasında şikayətlər üçün ölkədaxili sonuncu instansiya apellyasiya məhkəməsi hesab olunur. Ona görə də Bakı Apelyasiya Məhkəməsindən qərarı alandan sonra Avropa Məhkəməsinə müraciət edəcək: “Inanıram ki, Avropa Konvensiyasının həm 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), həm də 34-cü (fərdi şikayətlər) maddələrinin pozuntusunun tanınmasına nail olacağıq”.