100 kvadratmetrə 10 manat vergi gəlir
Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Vergi Məcəlləsinə dəyişiklik damazlıq heyvanların, toxum və tinglərinin, mineral gübrələrin, pestisidlərin, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışından 1 aprel 2016-cı ildən əlavə dəyər vergisinin (ƏDV) tutulmamasını nəzərdə tutur.
Digər bir mühüm dəyişiklik, kənd təsərrüfatı torpaqlarından üzrlü səbəb olmadan təyinatına uyğun istifadə etməyənlər üçün vergi məbləğinin artırılmasıdır.
Məcəlləyə 206.1-1-ci maddə əlavə edilir:
Müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya istifadəsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.
Bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 10 manat müəyyən edilir.
208.6-cı maddənin yeni redaksiyasına görə, müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Qanun qüvvəyə mindikdən sonra, əkilməyən 1 ha (10 000 m2) torpağa görə 1000 manat vergi ödənməli olacaqlar.