Hakimiyyət həm iqtisadi, həm də siyasi problemlərinin həlli üçün AB ilə əməkdaşlığa gedir
Mayın 2-də Almaniyanın Frankfurt şəhərində Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 49-cu İllik Toplantısı öz işinə başlayıb. Azərbaycanın maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti də bu tədbirdə iştirak edib. Qəzetimizə daxil olan məlumata görə, bu toplantıya qatılmağın bir səbəbi də iyunda dövlət başçısı İlham Əliyevin Almaniyaya səfərinə hazırlıq görməkdir.
Bir müddət əvvəl Almaniya kansleri Merkel Sarkisyanla birgə keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, İ.Əliyevin iyunda Almaniyaya səfəri baş tutacaq. Onu da xatırladaq ki, İ.Əliyev ABŞ-da olankən Avropa Birliyi ilə assosiasiya sazişini imzalamağa hazır olduqlarını bəyan etmişdi.
Eyni zamanda xarici işlər naziri Elmar Məmmədyarov E. Məmmədyarov vurğulayıb ki, Azərbaycan Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Birliyi ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır: «Ümid edirik ki, yenilənmiş Avropa Qonşuluq Siyasəti AB ilə münasibətlərdə tərəfdaş ölkələrin fərqli istəklərinə uyğun olacaq. Azərbaycan əməkdaşlığın potensial sahələrinə özünün cəlb edilməsinin araşdırması məqsədilə yenilənmiş siyasətdəAvropa Birliyi ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır».
Bundan başqa Azərbaycan iki mühüm layihəsi TAP və TANAP-ın reallaşdırılması üçün ümumilikdə 12 milyard dollar vəsait tələb olunub. Ötən müddət ərzində Azərbaycan rəhbərliyinin bu maliyyəni Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan, Böyük Britaniyadan, Səudiyyə Ərəbistanından, Qatardan cəlb etmək cəhdləri nəticə vermədi.
Ona görə Azərbaycan hakimiyyəti həm siyasi, həm maddi dəstək almaq üçün səylər edir. Bəs, adı siyasi məhbus siyahısında olan bəzi şəxslərin azadlığa buraxılması belə bir dəstəyi almağa kifayət edəcəkmi?
Neftin qimyətinin kəskin ucuzlaşması nəticəsində Azərbaycanda ağır sosial və iqtisadi böhran yaranıb. Böyük neft pulları olan dövrlərdə beynəlxalq aləmin demokratiya və insan hüquqları ilə bağlı çağırışlarına heç bir məhəl qoymayan hökumət indii müəyyən imitasiya xarakterli addımlar yolu ilə vəziyyətdən çıxmağa çalışır. Müəyyən sahələrdə islahat görüntüsü yaradılır, siyasi dustaqların kiçik bir hissəsi azad edilib, bəzi sahələrdə beynəlxalq aləmlə münasibətlər intensivləşdirilib. Həm iqtisadi problemlərin həllində müəyyən irəliləyişlər əldə etmək üçün, həm də TAP və TANAP kimi Azərbaycandan ən azı 10 milyard dollar tələb edən layihələrin reallaşdırılması üçün böyük maliyyə vəsaitlərinə ehtiyac var. Bu vəsaitləri yalnız Qərbin maliyyə institutlarından əldə etmək mümkündür. Avropa Birliyi ilə əməkdaşlıq prosesinin müəyyən impuls alması, birliyin maliyyə imkanlarından yararlanmaq məqsədi də daşıyır.
Hakimiyyət istədiklərinə nail ola biləcəkmi? Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü və Açıq Hökumət Platformalarında vətəndaş cəmiyyətinə repressiyalarla bağlı Azərbaycan hökumətinin qaşısında sərt tələblər qoyulub. Xatırlatmaq lazımdır ki, ABŞ Helsinki Komissiyasının həmsədri Kristofer Smit son illərdə vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran qanunvericiliyə edilmiş bütün mürtəce dəyişikliklərin ləğvi tələbi ilə çıxış edib.
Bütün bunlar onu göstərir ki, Bakı real və geniş miqyaslı demokratik islahatlar aparmayacağı təqdirdə, Qərbdən çətin ki, problemlərin həllinə ciddi dəstək verə biləcək maliyyə vəsaitləri əldə edə bilsin.
Hikmət