Müstəqil olmayan məhkəmələr və büdcədən silinən pullar
Azərbaycanda şahın qanun olduğu, qanunların kağız parçasına çevrildiyi, məhkəmə sisteminin ədalətsizliyə xidmət etdiyi heç kimə sirr deyil. Təkcə siyasi xarakterli məhkəmə proseslərinin bir neçəsini müşahidə etmək kifayətdir ki, ölkənin hansı vəziyyətə salındığını şəffaf şəkildə görək.
Bu da sirr deyil ki, ölkə həbsxanalarında yüzlərlə günahsız məhbus var. Kimisi sifarişlə, kimisi qarşı tərəfin daha çox pul ödəməsinə görə, kimisi başqasının cinayətinin qurbanına çevrildiyi üçün həbs həyatı yaşayır.
Qeyd edək ki, Azərbaycanda hər yüz min nəfərə 274 məhkum düşür. Ermənistanda hər yüz min nəfərə 132, Gürcüstanda hər yüz min nəfərə 228 məhkum düşür. Ümumiyyətlə, adambaşına düşən məhkum sayına ölkəmiz Avropada 4-cü yeri tutur.
Ekspertlər hesab edir ki, Azərbaycanda məhbusların sayının çoxluğu birqayda olaraq həbs qətimkan tədbirlərinin seçilməsiylə bağlıdır. Yəni, cinayət məcəlləsində müxtəlif qətimkan tədbirləri nəzərdə tutulsa da, məqsədli şəkildə həbs qətimkan tədbiri seçilir.
Məsələni bir az da dərindən araşdıranda yenə də korrupsiya, yeyinti, qeyri-şəffaflıq ortaya çıxır. Belə ki, dövlət hər bir məhkuma il ərzində 4000 manatdan artıq pul xərcləyir. Görünür, məhbusların sayının çoxluğu kimlərəsə sərf edir və büdcədən pul silmək imkanı yaradır.
Ümumiyyətlə, pis nümunlərin toplandığı siyahılarda Azərbaycanın adı var. Korrupsiyanın səviyyəsindən tutmuş, məhbusların sayına qədər ön sıralardayıq.
Deməli, ədalətsiz məhkəmə hökmləri ilə həm insanların həyatı məhv edilir, həm hüquq sistemi iyrənc vəziyyətə düşür, həm də dövlətin büdcəsi talan edilir.
Bir ölkədə müstəqil, ədalətli məhkəmə sistemi yoxdursa, demək o ölkədə heç nə yoxdur. Çünki, məhkəmə sisteminin olmadığı ölkədə heç nəyə zəmanət yoxdur, heç kimin əmlakı sığortalanmayıb və heç kim təhlükəsizlikdə deyil.
Məhz bunun nəticəsidir ki, həbsxanalar məhbus sıxlığı yaşayır. Dəqiq bildiyimiz budur ki, həbsxanalarda 80-dən artıq siyasi məhbus var və hamısının günahsız həbsi sübut olunub. Yaxud, MTN işi göstərdi ki, onlarla sahibkar, sadə vətəndaş cinayətkar generalların şər-böhtanının qurbanı olub. Təəsüflər olsun ki, məhkəmələr uzun müddətdir ki, hökumətin cəza maşını rolunu oynayıb. Məhkəmələr vasitəsilə yüzlərlə insanın torbası tikilib.
Yeri gəlmişkən, bir qayda olaraq həbs qətimkan tədbirinin seçilməsi həm də onunla bağlıdır ki, təqsirləndirilən şəxsdən daha çox pul qoparmaq mümkün olsun, məhkum hakimə daha çox “nəmər” təklif etsin.
Bir sözlə, ölkədə məhbusların sayının çox olması, məhkəmə sisteminin, qanunların özünün məhbusa çevrilməsiylə bağlıdır. Sistemin epidemiyası bütün strukturları yoluxdurub.
Samir