Mayın 2-də MSŞT üzrə Beynəlxalq Katibliyin regional direktoru Dyveke Roganla İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının yeni seçilmiş Şura və Monitorinq Qrupu üzvlərinin, o cümlədən 30 aprel tarixində keçirilən Ümumi Yığıncağın say komissiyası və mandat komissiyası üzvlərinin görüşü keçirilib. Bu barədə feysbuk səhifəsində məlumat yayan Koalisiyanın Şura üzvü Oktay Gülalıyev qeyd edib ki, şam yeməyi masasında 3 saatdan çox davam edən görüşdə əhəmiyyətli müzakirələr aparılıb. “Xanım Dyveke Roqanla MSŞT-nin Azərbaycanda tətbiqi və inkişafı, mövcud vəziyyət və qarşıda duran vəzifələri müzakirə etdik. Eyni zamanda müzakirələr zamanı tərəfimizdən Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının üzləşdiyi problemlər, həmçinin Koalisiyamızın həbsdə olan üzvləri Asif Yusifli və Fuad Qəhrəmanlının işi ilə bağlı fikirlər səsləndirildi. Hər iki şəxsin qanunsuz həbsi barədə ona ətraflı bilgi verildi”, – deyə O.Gülalıyev bildirib.