Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın Elman Türkoğlunun (Həsənovun) xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında 2500 manat cərimələnməsinə dair hökmdən kassasiya şikayəti verilib. Bu barədə “Azadlıq”a jurnalistin vəkili Fariz Namazlı məlumat verərək bildirib ki, şikayət dünən Ali Məhkəməyə təqdim olunub.
Xatırladaq ki, Elman Türkoğlu Xədicə Ismayılın “facebook” səhifəsində yaydığı sənəddə ona böhtan atıldığını iddia edir. Bildirir ki, həmin sənəddə onun Milli Təhlükəsizlik Nazirliyinin agenti olduğu göstərilib.
Xədicə Ismayıl isə bu iddianın əsassız olduğunu bəyan edib. Bildirib ki, onun yaydığı sənəddə ümumiyyətlə, ad-soyad göstərilməyib.
“Elman Həsənovun MTN-lə əməkdaşlıq etməsi haqda məlumat ”Facebook” sosial şəbəkəsində başqa bir şəxs tərəfindən yayılıb. Bunun Xədicə Ismayılla əlaqəsi yoxdur”, – bunu isə jurnalistin vəkili Yalçın Imanov bildirib.
Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsi Elman Türkoğlunun iddiası əsasında Xədicə Ismayılı CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə təqsirli bilərək, 2500 manat cərimələyib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Indi apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verilib.
Aytən