Məktubda bildirilir ki, icra başçısının müavini təyinatı üçün alınmış pul şəxsən komitə sədrinin özünə verilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın adı hallanan 170 minlik qalmaqalla bağlı dövlət başçısı Ilham Əliyevə məktub göndərilib. Zərərçəkmiş Eynur Kərimov məktubunda açıq şəkildə bildirir ki, icra başçısının müavini vəzifəsinə təyin olunmaq üçün ondan alınmış 170 min dollar elə özünün yanında Komitənin sədri Hicran Hüseynovaya verilib. Zərərçəkmişin sözlərinə görə, bunu, eləcə də şəxsən Hicran Hüseynova ilə görüşdüyünü təsdiqləyən sübutları da var.
“2012-ci ildə Səfər Imanovla tanış olarkən o, mənə bildirdi ki, Hicran Hüseynovanın yaxın qohumudur. Onun vasitəsilə işə adam düzəldə bilər.
Mən Bakı şəhəri üzrə və Bakı şəhəri ətrafında müvəqqəti məskunlaşan rayonlardan birinin icra hakimiyyətlərində kiçik bir işdə işləmək arzusunda olduğumu söylədim. Səfər Imanov mənimlə bağlı Hicran Hüseynova ilə danışacağını bildirdi. Mən CV-mi Səfər Imanova verdim. Bir müddət sonra mənimlə əlaqə saxladı və Hicran Hüseynova ilə danışdığını dedi. Qeyd etdi ki, Hicran Hüseynova mənim şəxsi işimlə tanış olub və məni arzusunda olduğum işə yox, Bakı şəhəri üzrə rayonlardan birinə icra başçısının müavini vəzifəsinə təyin etdirə biləcəyini söyləyib. Bunun qarşılığında isə məndən 170 min dollar istəyib. Deyilən pulu toplayıb Komitəyə getdim. Komitə sədri Hicran Hüseynova Aparat rəhbəri Səfər Imanovla birlikdə məni qəbul etdi. Gələcək fəaliyyətimdə heç bir çətinlik çəkməyəcəyimə, hər zaman mənə dəstək olacağına dair əminlik yaratdı.ÿPulu Səfər Imanova verdim. O da mənim gözlərim qarşısında Hicran Hüseynovaya verdi”, – deyə Eynur Kərimov dövlət başçısına müraciətində yazır.
Zərərçəkmişin sözlərinə görə, təxminən iki il “bu gün-sabah” deyə-deyə onu aldadıblar. Iki ildən sonra pulu geri istəyib, amma dörd il keçsə də, ala bilməyib: “Məsələ ilə bağlı bu ilin fevral ayında hüquq-mühafizə xidməti orqanlarına müraciət etmişəm.ÿHicran Hüseynova ümumiyyətlə məni görmədiyini, tanımadığını deyir. Ancaq mənim 170 min dolları Səfər Imanov vasitəsi ilə Hicran Hüseynovaya verdiyimi və dəfələrlə onun qəbulunda olduğumu təsdiqləyən sübutlarım var. Səfər Imanov özü də bunu təsdiqləyir. Səfər Imanov komitə sədrinin hədə-qorxularına görə 4 azyaşlı uşağı və həyat yoldaşı ilə birgə bu ilin yanvar ayında ölkəni tərk edib. Təzyiq və təsirin hansı həddə olduğunu, oğlunun başına Hicran Hüseynova tərəfindən gətirilən oyunlardan dolayı komaya düşərək dünyasını dəyişən atası Bəbir Imanovun dəfnində belə iştirak edə bilməməsi açıq-aydın göstərir. Bu gün Hicran Hüseynova hansı yolla olursa-olsun bu məsələni bütövlükdə sabiq Aparat rəhbəri və yaxın qohumu olan Səfər Imanovun üstünə atmağa, özünün bu məsələdə cavabdeh olmadığını göstərməyə çalışır”.
Eynur Kərimov müraciətin sonunda Ilham Əliyevdən bu iş üzrə istintaqın düzgün aparılması, Hicran Hüseynova ilə aralarında üzləşmə keçirilməsi üçün müvafiq göstərişlər verməsini xahiş edir.
Qeyd edək ki, Hicran Hüseynova mediaya açıqlamasında ünvanına səslənən ittihamların əsassız olduğunu bəyan edib. Bildirib ki, Eynur Kərimov Səfər Imanov işdən çıxarılandan sonra Komitəyə müraciət edərək, onun tərəfindən aldadıldığını bildirib.
Informasiya şöbəsi