Azərbaycanda «istintaq sövdələşməsi» institutu tətbiq ediləcək
2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında “istintaq sövdələşməsi” institutunun tətbiqi məsələsi əksini tapıb. Milli Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti və Ədliyyə Nazirliyi “istintaq sövdələşməsi” institutunun tətbiqinə dair təkliflərin hazırlanmasını təmin etməlidir.
Maraqlıdır, ümumiyyətlə, istintaq sövdələşməsi nədir və bu, adətən, nə vaxt tətbiq edilir?
BSC Consulting & Outsourcing Şirkətinin hüquqşünası Cabbar Həsənov “fins.az”a istintaq sövdələşməsinin mahiyyətini açıqlayıb. Hüquqşünas deyir ki, bu, təqsirləndirilən şəxs daha ağır cinayətlər barədə və ya cinayətkar şəbəkənin digər üzvlərinin ifşası üçün mühüm məlumatlar verəcəyi təqdirdə, ona qanunla müəyyən edilmiş həddə daha yüngül cəzanın tətbiqi üçün onunla cinayət təqibi orqanı arasında razılaşma deməkdir.
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov da “Azadlıq”a açıqlamasında “istintaq sövdələşməsi” institutu barədə danışıb. Hüquqşünas deyir ki, bu institutun tətbiqindən sonra şəxs istintaqla hər hansı razılığa gələrsə, törədilən cinayətdə digər şəxslərin iştirakı barədə məlumat verərsə, məhkəmələr cəza təyin edərkən, belə şəxslərin xidmətlərini nəzərə alacaq: “Ona ya yüngül cəza təyin edilir, ya da cinayətlərin ictimai təhlükəlilik dərəcəsi və xarakterindən asılı olaraq, böyük ictimai təhlükə törətməyən, az ağır cinayətdirsə, ümumiyyətlə, belə şəxslər cinayət məsuliyyətindən azad olunur”.
Nigar