Məhəmməd Talıblı: «Büdcə gəlirlərinin daralması növbəti illərdə il ərzində büdcə kəsirinin böyüyəcəyinə səbəb olacaq»
Azərbaycanın ticarət dövriyyəsi kəskin azalmaqda davam edir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin birinci rübündə ticarət əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 38 faiz azalaraq 3.6 milyard manat təşkil edib.
Komitənin hesabatına əsasən, cari ilin yanvar-mart aylarında ticarət dövriyyəmizdə 45.3 milyon dollarlıq mənfi saldo olub. Ixrac əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 47.3 faiz azalaraq,1.7 milyard dollar, idxal isə 25 faiz azalaraq 1.8 milyard dollar təşkil edib. ÿ
Qeyd edək ki, MDB ölkələri üzrə idxal əməliyyatı 35 faiz azalaraq, 305,2 milyon dollar təşkil edib. Avropa Ittifaqı ölkələrindən isə idxal olunan məhsullar 617.4 milyon dollar olub. Bununla Avropa ölkələrindən aldığımız məhsulların həcmi 17.2 faiz aşağı düşüb.ÿ
Hesabata əsasən, MDB ölkələrinə ixracımız artsa da, Avropa dövlətlərinə ixrac əməliyyatlarının həcmi 2 dəfə azalıb. Təbii ki, bunun da başlıca səbəblərindən biri həmin dövlətlərə neft satmağımızdır. Neftin qiymətinin ucuzlaşması isə ümumi ticarət əməliyyatlarının həcminə ciddi təsir göstərir.
“Azadlıq” radiosunun məlumatına görə isə, ötən ilin eyni dövrüylə müqayisədə bütün yerli məhsulların ixracatı təxminən 2 dəfə azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir ki, yanvar-mart aylarında neftdənkənar sektorun ixracatdakı payı 13.8 faiz və ya 246ÿmilyon 580 min ABŞ dolları olub. Halbuki, 2015-ci ilin eyni dövründə qeyri-neft sahələri məhsullarının xaricdə satışından 478 milyon 438 min dollar gəlir götürülmüşdü.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı xarici ticarət dövriyyəsindəki azalmanın təkcə ixracatda, neft və neft məhsullarında deyil, qeyri-neft sektorunda, idxalda da olduğunu söyləyir. Ekspert ölkədə işgüzar aktivliyin xeyli aşağı düşdüyünü və nəticədə ölkəyə daha az məhsul gətirildiyini, vətəndaşların istehlak səviyyəsinin daha da azaldığını deyir:
“Vətəndaşlar xərclərində istehlak məhsullarına bir o qədər də vəsait xərcləmirlər. Bunun ilk səbəbi odur ki, vətəndaşların aylıq gəliri azalır və iş yerlərinin itirilməsi hesabına insanlar ailə büdcələrinə, vacib xərcləmələrə vəsaiti azaldıb. Qiymətlərin bahalaşmasına görə onlar ərzaq məhsullarına vəsait xərcləyir, qeyri-ərzaq məhsullarına isə az vəsait xərcləyirlər. Ölkədə əhalinin pul gəlirləri azalır, digər tərəfdən, istehlak mallarının qiymətləri də artır. Bu isə inflyasiyaya təzyiq yaradır. Ölkədə inflyasiyanın ikirəqəmli olmasını hökumət də rəsmi olaraq etiraf edir. Istehlak mallarının indeksi yüksəlir, həm də əhalinin gəlirləri azalır. Eyni zamanda, idxal olunan məhsulların qiymətləri artır. Belə bir vəziyyətdə, qiymətlərin artımıyla müşahidə edilən məsələlər, xüsusilə işgüzar aktivliklə bərabər, xarici ticarət dövriyyəsinə də təsir göstərir”.
M.Talıblı qeyd edir ki, xarici ticarət dövriyyəsinin azalması ilə ölkəyə idxal rüsumları və gömrük rüsumlarının büdcəyə axını azalır. Büdcə gəlirlərinin daralması hiss olunur və bu da növbəti illərdə il ərzində büdcə kəsirinin böyüyəcəyinə, nəticədə xarici mənbələrdən büdcəyə əlavə vəsaitlər cəlb etməyə məcburiyyət yarada bilər:
“Ölkədə hər hansı istehsalçıların, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsul da azalacaq. Belə bir vəziyyətdə onların istehsal etdiyi məhsul bazarda reallaşdırılmır. Ümumiyyətlə, məcmu tələb aşağı düşüb. Onun aşağı düşməsi təklifin azalmasıyla müşahidə ediləcək. Ona görə də bu, təkcə xarici ticarət dövriyyəsinin, işgüzar aktivliyin azalması deyil, həm də dövlət büdcəsinə daxil olan vəsaitin azalmasıdır. Eləcə də əhalinin aylıq gəlirinin azalmasıdır. Nəticədə, inflyasiya təzyiqləri güclənəcək”.
Nigar