Ölkədə vergi ödəyicilərinin 30 faizi borcunu ödəyə bilmir
Ekspertin fikrincə, vergi borcunun artması vergi orqanlarının birbaşa nöqsanıdır
Azərbaycanın üzləşdiyi maliyyə durumu büdcə gəlirlərinin stabil olmasını tələb edir. Vergilər Nazirliyindən verilən məlumata görə, Azərbaycanda hazırda vergi ödəyicilərinin dövlət büdcəsinə 2,4 mlrd. manat həcmində borcu var. Hətta sahibkarlıq fəaliyyəti göstərən, işləyən adamlar da vergiləri ödəyə bilmir.
Ümumi mənzərə onu göstərir ki, ölkə borc bataqlığına çevrilib və vətəndaş bu bataqlıqda çırpınmaqdadır. Rəsmi məlumatlara görə, 2016-cı ildə vergi ödəyicilərinin yalnız 70 faizi könüllü şəkildə vergiləri ödəyir. Yerdə qalan 30 faiz isə borc olaraq yazılır. Bu olduqca iriu məbləğdir. O da nəzərə alınmalıdır ki, ölkə üzrə borc 2.4 milyard təşkil edir. Bu cür mənzərənin yaranması nəyin nəticəsidir və yaxın zamanlar üçün hansı fəsadları ola bilər?
Iqtisadçı Nemət Əliyev hesab edir ki, vergi borcunun artması vergi orqanlarının birbaşa nöqsanıdır. Vergi orqanının vergi ödəyicisindən pulu onu alçaltmaula, sıxışdırmaqla aldığını deyən N.Əliyev vurğuladı ki, yürüdülən siyasət elə mənzərə yaradıb ki, artıq vergi ödəyiciləri öhdəliklərini yerinə yetirməkdə maraqlı deyillər: “Şübhə etmirəm ki, iki milyard dörd yüz milyon vergi borcunun yaranması iri vergi ödəyicilərinin fəaliyyətinin nəticəsidir. Mərkəzi Bankla hökumətin birgə həyata keçirdiyi iki devalvasiyanın təsiri ilə xeyli sayda sahibkarlar əziyyət çəkir. Qiymətlərin normal şəkildə formalaşmasına imkan verilmir. Ona görə gəlirlər daha da azalıb. Bu baxımdan sahibkarların da ödədikləri verginin azalması şübhə doğurmur”.
N.Əliyev eyni zamanda bildirdi ki, hökumətin yürütdüyü pul-kredit, maliyyə siyasəti nəticəsində bu cür mənzərə yaranıb: “Vergi orqanları bu gün iki hesaba ödəmə tələb edirlər. Birincisi, tələb edirlər ki, sahibkarlar dövlət büdcəsini doldursunlar. Ikincisi, tələb edirlər ki, vergi orqanın xüsusi olaraq açdığı hesaba ödəniş etsinlər. Bura edilən ödəniş də büdcəyə edilən ödənişin 60-70 faizini təşkil edir”.
Xəyal