Yaxın günlərdə Azərbaycanın bank olmayan kredit təşkilatları (BOKT) əməkdaşlıq etdikləri investorlarla ödəniş qrafikinin dəyişdirilməsi üçün danışıqlara başlayacaq. Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib.
1-2 investor müzakirələrə razılıq verib
Onun sözlərinə görə, bununla bağlı təmsil etdiyi qurum 30-a yaxın investora müraciət edib və onlardan bir neçəsi təklifi müzakirə edə biləcəklərini bildirib: “Bütün investorların ödəniş qrafikinin dəyişdirilməsinə, BOKT-lara güzəşt müddətinin verilməsinə müsbət baxıb-baxmayacağı məlum deyil. Amma 1-2 investor bəyan edib ki, bu məsələ müzakirə oluna bilər. Adətən ilin əvvəllərində onlar gəlib monitorinqlər aparırlar, bazardakı vəziyyəti öyrənirlər. Yəgin ki, araşdırmalardan sonra bu məsələ ilə bağlı qərar verəcəklər”.
Vəsait ancaq manatla cəlb oluna bilər
AMFA-nın xarici investorlara digər təklifi isə maliyyələşmənin manatla həyata keçirilməsidir. Jalə Hacıyevanın sözlərinə görə, Azərbaycanda yeni yaranmış iqtisadi şəraitdə heç bir BOKT xaricdən dollarla vəsait cəlb etmək niyyətində deyil. Odur ki, burada işləmək istəyən investorlar manatla bağlı riskləri öz üzərinə götürsün: “Biz deyirik ki, dollarla vəsait cəlb etmək artıq məsuliyyətli kreditləşmə sayılmır. Heç bir BOKT buna getməyəcək. Əgər Azərbaycanda işləmək istəyirsinizsə vəsaiti manatla ayırın. Yəni, bu sadəcə tövsiyyədir, onlar qəbul edə də bilərlər, etməyə də bilərlər”. (fins.az)