13 saylı CÇM-də cəza çəkən məhkum Fətəliyev Rəsul Rafiq oğlu ölkə başçısı İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:
Cənab Prezident!
Mən Azərbaycan Respublikasının vətəndaşı Fətəliyev Rəsul Rafiq oğlu Rusiya Federasiyası ərazisində sağlamlığıma, şərəf və ləyaqətimə təcavüz edən insanlara qarşı atdığım addım cinayət xarakterli əmələ çevrilmiş, nəticədə insan tələfatı baş vermişdir. Lakin 2007-ci ildə Azərbaycan Respublikası ərazisində saxlanılaraq, AR CM-nin 120.1. maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək, məhkəmənin yekun hökmü 11 il müddətinə azadlıqdan məhrum edilmişəm və hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 13 saylı CÇM-də cəzamın 8 il 7 ayını çəkməkdəyəm.
Cənab Prezident!
Mən 1998-ci ildən İİV və Hepotit “C” xəstəliyindən əziyyət çəkirəm. 2005-ci ildən respublika QİÇS-lə mübarizə mərkəzində rəsmi qeydiyyatdayam. Buna baxmayaraq, sağlamlığımdakı problemlərlə bağlı qeydiyyatda olan QİÇS və Hepotit “C” xəstəsi kimi Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin mərkəzi müalicə müəssisəsində keyfiyyərli tibbi xidmət almaq, dərman vasitələri ilə təmin olunmaq hüququmdan tam məhrum olmuşam. Bütün lazım olan dərman vasitələrini valideynlərim öz vəsaitləri hesabına təmin edirlər. Milli valyutamızın son devalvasiyasından sonra, demək olar ki, hamısı xaricdən gətirilən, əvvəlcədən də kifayət qədər bahalı olan dərmanların qiymətindəki fantastik artım ailəmin məni dərmanlarla təchiz etməsi xeyli çətinləşib. Belə olan halda, QİÇS xəstəliyinin sonuncu klinik-mərhələsini yaşayan biri kimi, mənə qarşı göstərilən etimadsızlıq həyatıma vurulan balta kimidir.
Cənab Prezident!
Müxtəlif həkim-ekspertlərin təsdiq etdiyi kimi, mənim hazırkı klinik səhhət vəziyyətim hər hansı həbs yerlərində saxlanılmağımı qəti olaraq istisna edir. Üstəlik mən hal-hazırda cəzamın qanunvericilikdə məntəqə tipli CÇM-ə köçürülməyimə icazə verən 2/3 hissəsini çəkmişəm. Həbs olunduğum andan daim qanunlara, daxili nizam-intizama hörmətlə yanaşmağıma, ciddi qanun pozuntusuna yol verməməyimə, son 4 ildə barəmdə heç bir intizam tədbiri seçilməməsinə baxmayaraq, mən bu hüququmdan heç cür istifadə edə bilmirəm.
Cənab Prezident!
Azərbaycan demokratik, hüquqi bir dövlət kimi insan hüquq və azadlıqlarını qoruyan bütün beynəlxalq konvensiyalara ratifikasiya edib, insan hüquq və azadlıqlarının qorunmasını Konstitusiyada dövlətim ali məqsədi elan edib. Lakin mən, eləcə də yüzlərlə insanın, immun virusu xəstəliyindən əziyyət çəkən insanlar bu hüquqlardan faydalana bilmir. Bu ali qanunlar, hüquq aktları onları kağız parçası hesab edən məmurların “xidməti” sayəsində, həqiqətən də “kağız parçasına” dönüb.
Cənab Prezident!
Bildiyiniz kimi, QİÇS və Hepotit “C” xəstəliklərindən əziyyət çəkən insanların ömrü 25-30 ildən çox olmur. Mən isə artıq 20 ilə yaxındır ki, bu iki ölümcül virusdan əziyyət çəkirəm. Yuxarıda qeyd etdiyim kimi, hazırda bu xəstəliyin sonuncu klinik mərhələsini yaşayıram. İndiyə qədər gördüyüm bu qədər haqsızlıq, mənə qarşı taleyin kəsdiyi ölüm hökmünün icrasını sürətləndirir. Mən qarşılaşdığım bu qədər qanunsuzluqların fonunda heç olmasa ömrümün son günlərini tikanlı məftillər, dəmir barmaqlıqlar olmadan keçirmək istəyirəm. Axı bu mənim hüququmdur.
Cənab Prezident!
Mən 2-ci qrup ömürlük əliləm, ailənin tək oğul övladı və nizamlı-intizamlı məhkum kimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada Sizə əfv olunmağım üçün indiyədək 15-ə yaxın müraciət etmişəm. Bilirəm ki, əfv sizin müstəsna hüququnuzdur.
Cənab Prezident!
Mən subardinasiya qaydalarına riayət etməklə Sizə bu müraciəti yazana qədər mümkün dövlət strukturlarına müraciət etmişəm. Hər dəfə də dövlətin ölüm ayağında olan vətəndaşına qarşı bülə biganə ola bilməsindən sarsılmışam. Amma ümidimi itirməmişəm, “bəlkə bu dəfə oldu” deyib, hüquqlarımı axtarmağa davam etmişəm. Hələ ki, tapmağa müvəffəq olmamışam.
Cənab Prezident!
Sizə bu müraciəti də məhz Sizə çata bilməsi üçün KİV vasitəsilə edirəm. Bu, artıq mənim son şansımdır. Sizdən başqa müraciətedəcəyim heç kim yoxdur. Yəqin ki, heç buna vaxtım da olmayacaq. Bütün bunları nəzərə alaraq, yazdığım faktların araşdırılmasına göstəriş verməyinizi, mənim pozulan hüquqlarımın bərpasına kömək etməyinizi Sizdən xahiş edirəm.