BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri Gordon Corera yazır ki, 75 il əvvəl Bletchley Parka edilmiş adi bir səfər Britaniya və ABŞ-ın kəşfiyyat xidmətləri arasında bugünədək ziddiyyətli əməkdaşlığın başlanğıcı olub.
1941-ci ilin 8 fevralında amerikalılar Bletchley Parka gələndə hava qaralmışdı. Qalın pərdələr malikanəni daha da qaranlıq etmişdi. Başçıları Abraham Sinkovun adı ilə Sinkov qrupu kimi tanınan dördlüyün missiyası təlatümlü, qorxulu və son dərəcə məxfi idi.
Bu səfər tarixdə ən uzun və bəzən ziddiyyətli müttəfiqliyin əsasını qoyacaqdı.
İndi həmin missiyanın ildönümünü qeyd etmək üçün iki agentliyin direktorları elə həmin Bletchley-də görüşüblər. Amerika Milli Təhlükəslzik Agentliyinin (MTA) direktoru admiral Mike Rogers və Britaniya Hökumət Kommunikasiyaları Baş Qərargahının (GCHQ) rəisi Robert Hanningan Sinkov missiyasının gəzdiyi yerlərdə qoşa dolaşırlar.
Admiral Rogers deyir ki, 1941-ci il, fevralın 8-də başlanmış kəşfiyyat müttəfiqliyi hazırda bütün dünyada hər hansı iki ölkə arasında mövcud olan ən möhkəm ittifaqdır.
Cənab Hannigan da bu fikirləri bölüşür.
Dörd amerikalı Annapolisi 1941-ci ilin soyuq yanvar günlərində tərk etmişdilər. Plan belə idi ki, onları Şotlandiyadakı Skapa Flou-dan iki sürətli kater gətirməliydi, lakin qonaqların özləri ilə gətirdikləri cihaz və avadanlıqlar qayıqlara sığmamışdı. Odur ki, onlar köhnə bir kreyserlə sahil boyu səfər etməli olmuşdular.
Elə bu vaxt həmin gəmi Almaniyanın donanma kəşfiyyatı təyyarələrindən biri tərəfindən aşkar edilmişdi. Amerikalılardan biri – Prescott Currier sonralar xartırlayırdı ki, bombalar gəminin gah o, gah da bu böyrünün yaxınlığına düşürdü. “Sonra isə mən dartılan zəncir səsi eşitdim” – deyirdi Currier.
Demə, bu “zəncir səsi” göyərtəni “tikişləyən” alman pulemyotunun səsi imiş. Xoşbəxtlikdən almanların işlətdikləri mis örtüklü güllələr cihaz qutularını deşə bilməmişdi. Qutularda isə Amerikanın möcüzəli “şüfrə açan” cihazı vardı. Onlar bunu ev sahiblərinə qonaq payı kimi aparırdılar. MTA tarixçisi David Hatch-in sözləri ilə deyilsə, “Roosevelt administrasiyası Böyük Britaniyanın müttəfiq olduğunu” qəbul etmişdi.
Bu hadisədən əvvəl, hələ yay fəslində ilkin inamsız müzakirələr aparılmışdı. Britaniyalıları amerikalıların yapon şifrələrinin açılması sahəsindəki nailiyyətləri sevindirirdi, lakin özlərinin alman şifrələrinin açılması sahəsindəki nailiyyətlərini ortaya qoymaqdan ehtiyat edirdilər.
GCHQ tarixçisi Tony Comer deyir ki, bu mərhələdə hələlik iki ölkə müttəfiq deyildilər.
MI6-nın rəisi Churchill-ə demişdi ki, kodları amarikalılara açmamaq yaxşı alınmırdı. Churchill razılaşmışdı, lakin rəsmilərdən biri ortalığa çox qəliz bir sual atmışdı.
“Birdən amerikalılar görə bilərdilər ki, onların da şifrələrinin açılmasına cəhdlər edilib?” Başqa sözlərlə Britaniya Amerikanın özünü də güdüb və ya əksinə.
Bletchley-də amerikalıları gözləyən direktor Alastair Denniston köməkçisinə tapşırıq vermişdi: “Gecə saat 12-də mənim yanıma dörd amerikalı gələcək. Onlar içəri girəndə sən də xeres şərabından gətirərsən. Onların kim olduqları və burada nə etdiklərini kimsə bilməməlidir”.
İki direktor Bletchley-də maraqlı xatirələrini bölüşmüşdülər. Admiral Rogers hələ otuz il əvvəl deşifrə işinə başlayanda adi karandaşdan istifadə etdiyini yada salmışdı.
İndiki qonaqlardan fərqli olaraq, 1941-ci ildə gələnlərə Bletchley-in heç də hamısını göstərməmişdilər. Doğrudur, onları irlandların oynadıqları “topaldıqaç” oyunu ilə tanış etmişdilər. Amerikalılar bunu süpürgə ilə oynanan beysbol kimi başa düşmüşdülər.
Amma bu, müharibə dövrü idi. Onlar bir axşam gecə klubuna getmişdilər. Ertəsi gün ora düşən mərmi bütün musiqiçiləri qırmışdı.
Amerikalıların yapon şifrələrini açan qurğusu britaniyalıları heyran etmişdi. Buna baxmayaraq cavab açıqlığının göstərilməsi üçün Churchill-n razılığı iki həftədən sonra verilmişdi. Yalnız səfərlərinin axırına yaxın amerikalılara Bombe adı qazanmış cihaz göstəriləcəkdi. Bu cihaz almanların Enigma şifrə maşınının “dilini açmaq” üçün Alan Turing tərəfindən hazırlanmışdı.
Bletchley deşifrəçiləri
Bletchley Park İkinci Dünya Müharibəsi illərində Hökumət Kod və Şifrə Məktəbi (The Government Code and Cypher School – GC&CS) üçün baza idi.
Burada müharibə illərində 10 min insan işləyirdi ki, bunların da üçdə ikisini qadınlar təşkil edirdilər
Alan Turing və Gordon Welchman kodları qısaldan “Bombe” elektromexanik cihazını düzəltmişdilər; “Bombes” cihazı Wrens (Women’s Royal Naval Service) adlı qadın hərbi birləşməsi tərəfindən işlədilirdi.
Bletchley-nin gizli adı Stansiya “X” idi və Almaniyada mənzillənmiş Boniface adlı casus şifrəaçanların işini pərdələmək məqsədilə saxta “mənbə” rolunu oynayırdı
Bundan sonra amerikalılar Bletchley stansiyasına 100 mütəxəssis göndərmişdilər. Bu ekspertlər hər bir qrupun işinə daxil edilmişdilər. Tarixçi Tony Comer deyir ki, müxtəlif mühitlərdən və təhsil sistemlərindən olan və birlikdə işləyən bu adamlar çox vaxt eyni məsələlərə azacıq fərqli bucaqdan baxırdılar, bu isə yaxşı nəticələr əldə edilməsinə imkan verirdi.
“Bu münasibətlər göylərdə şifrələnmiş kəbinə bənzəyirdi”, MTA tarixçisi David Hatch deyir.
Tarixçi izah edir ki, müxtəlif tale və təcrübəyə malik ekspertlər bir-birlərindən öyrənirdilər.
Onun fikrincə, amerikalılar britaniyalılardan daha çox şey öyrənmişdilər, lakin işçi qüvvəsinin kəmiyyətinə görə yapon cəbhəsində Amerika irəlidəydi. Hərçənd alman kriptologiyasının öyrənilməsində britaniyalıların nailiyyətləri böyük idi. Amerikalılar bu sahədə tamamilə naşı idilər.
ABŞ bu ittifaqa sənaye və intellekt əzələsi vermişdi. Alan Turing yazırdı ki, britaniyalılar amerikalıların cihazlarından çox işlərdə faydalana bilərdilər.
Britaniya sənayesi “Bombe” cihazlarından kifayət qədər istehsal etməyə çalışırdı. Amerika sənayesi belə bir şey üçün çalışmazdı.
1943-cü ilin ikinci yarısınadək ABŞ 75 cihaz yığmışdı. Bu, Britaniyanın bütün müharibə ərzindəki istehsalına bərabər idi.
Bu müttəfiqlik sonradan sazişlə rəsmiləşdirildi. İki ölkə dünyanı iki kəşfiyyat cəbhəsinə bölüb əldə etdikləri məlumatları paylaşırdılar.
Müharibədən sonra Kanada, Avstraliya və Yeni Zelandiya da bu pakta qoşuldular.
Yalnız ingilisdilli ölkələrdən ibarət bu qrupu bəzən “Beş göz” də adlandırırlar. Bu qrupun içindəki münasibətlər, Mİ6 və Mərkəzi Kəşfiyyat İdarəsi arasında olan kəşfiyyat münasibətlərindən daha sıx idi.
Bu yaxınlarda MTA-nın qaçaq casusu Edward Snowdenin açıqlalarına görə, sözü gedən müttəfiqlik ətrafında müəyyən ziddiyyərli suallar ortaya çıxmışdı.
Snowdenin açıqlamaları Birləşmiş Krallıq və ABŞ arasında məhrəm münasibətlərin miqyasını, iki kəşfiyyatın dünyanı bölərək topladıqları məlumatları necə paylaşdıqlarını göstərirdi.
Tənqidçilər narahatdırlar ki, bu kəşfiyyatlar gördükləri işin bütün nəzarətini öz əllərinə ala bilərlər. Bunu agentliklərin özləri daim inkar edirlər. Hərçənd onların birlikdə gördükləri iş daim gizlilik pərdəsinə bürünmüş olur.
İki müasir direktor müharibə illərindən başlanan müttəfiqliyin dəyərini yaxşı bilirlər.
“Bizim hər birimiz üçün digərimiz bütün dünyada ən yaxın partnyordur və biz üzləşdiyimiz qlobal çətinlikləri anlayırıq”, admiral Rogers deyib.
“Heç kəs bu işi təkbaşına görə bilməz. Bizim münasibətlərimizdən daha yaxını yoxdur və bu, təhlükəsizliyimizin sarsılmaz qayasıdır”, Hannigan qeyd edib.
(bbc azəri)