Bizim halal haqqımızı vermirlər
Şəki şəhər Baş Zəyzid kənd sakini Israil Abdurrahmanov “Azadlıq”a məktub göndərib. Israil Abdurrahmanov yazır ki, 2014-cü ilin 8 fevralında o və beş nəfər “Azərsun” şirkətinə məxsus olan “Gold Xəyal Adası”nda podratçı təşkilat kimi çalışan “Gold Yapı Constuction Limited” MMC ilə əmək müqaviləsi bağlayaraq tikinti işinə başlayıblar. Şəki şəhərindən olan şəxslərdən təşkil olunan briqadaya Israil Abdurrahmanov rəhbərlik etdiyi üçün fəhlələrə verilən əməkhaqqı da onun adına qeyd olunub. Amma sonradan onlara əmək haqqı verməkdən imtina ediblər. Israil Abdurrahmanov daha sonra yazır: “Cənab Prezident, bu sizin ünvanınıza 6-cı müraciətimizdir.Son illər bizə qarşı olan bağışlanılmaz təhqirləri, haqsızlığı doğru-düzgün sizin diqqətinizə çatdıraraq, yalnız öz nəzarətiniz altında bizə kömək etməyinizi xahis edirik. Biz işçi kollektivi olaraq 2006-2007-ci illərdə Heydər Əliyev adına Sarayın təmir-tikinti işində fəal iştirak edən, işimizdən həmişə müsbət qiymət alan həmyerlilərdən ibarət bir briqadayıq. Həmin illərdə türk şirkəti ilə tanış olduq. İşimizdən razı qaldıqları üçün bizi 08.02.2014-cü ildə öz xahişləri ilə işə dəvət etdilər. İş yerimiz “Xəyal Adası” olub. Həmin bölgədə podratçı şirkətlərin biri də GOLD YAPI CONSTRUCTİON LİMİTED MMC olub. Həmin gündən hər birimiz şirkətə ayrı-ayrılıqda müqavilə bağlayaraq işimizi davam etdimişik. İşə başlayarkən bizə bildirdilər ki, 6 nəfərin əmək haqları bir adama yazılacaq. 180-200 işçinin əmək haqları bir neçə nəfərə yazıldığı kimi. Tez bir vaxtda hər iki şirkət işimizə yüksək qiymət verib və “Xəyal Adası”nın yeni ofisinin tikintisini bizə həvalə etdilər. 03.05.2014-cü il tarixdə xəbər aldım ki, atam rəhmətə gedib. İş yoldaşlarım ofisə yaxınlaşıb mənim rayona getməyim üçün avans xahiş etdilər. 10-13 min manat pul alacağımız halda, bizə “yox” cavabı verildi. İki rəhbərdən biri 150, digəri isə 200 manat mənə borc verdi. İş yoldaşlarımın xeyli xahiş və töhmətindən sonra mühasib mənə 400 manat verməyə razılaşdı. Ancaq həmən pulu 500 manat kimi verildiyi qeyd olunub. Mənim adım sənədləşmədə İsrail getsə də, mənə həmkəndlilərim “İlham” deyə müraciət edirlər. Dost kimi məni İlham adlandıran müdir Kərim bəy həmin vaxt Türkiyədən qayıdır. 08.05.2014-cü il tarixində mənə zəng edərək başsağlığı verir və deyir ki, icazə ver sizin briqadaya verilən puldan 2800 manat başqa briqadirə verək, siz öz pulunuzu alanda hamısını birlikdə alarsınız. Mən onların xahişlərini yerə sala bilmədim. Bu məsələ 03.10.2014-cü ilə qədər beləcə davam edir. Qurban bayramından bir gün qabaq, 180-200 işçiyə pul verilir, gecə saat 23:40 radələrində mənə cəmi 845 manat pul təklif etdilər ki, alacağınız bu qədərdi, digər pulları almısınız, ancaq imza atmamısınız, unutmusunuz. Qəribədir, imza edilməmiş kiməsə pul verərlərmi? Həmin sənədlərdə isə pulun bizə verilməsi haqda mənim imzam yox idi. Hətta bəzi yerlərdə tarixlər də yox idi.
Cənab Prezident! Mən çox şeyləri güzəşt olaraq açıqlamaq istəmirəm, bunu özümə sığışdırmıram. Ancaq mənim ailəmə hər hansısa şər-böhtan gələrsə, bunun səbəbkarı onlar olacağına əminəm. Yəqin ki, bu sözləri onlar da hiss edə bilərlər. Həmin rəhbərlər, 4 ortaq, iki mühasib və bir neçə nümayəndə öz haqısızlıqlarından əl çəkmir, biz isə öz düzgünlüyümüzdən. Mən Dağıstan Respublikasında işlədiyim zaman məni bu haqsızlıqlara alət etmək üçünmü dəvət etdilər? Mən hər ay öz oğlumla birlikdə işləyib, 900-1000 manat qazana bilən universal ustayam. Artıq 21 aydır ki, bu iş ədalətli həllini tapmır, dövlət orqanları bu işi araşdırmır, hamı bir-birinin üstünə atır, mənim isə 44 manata görə evimin qazını kəsirlər. Müraciətlərimin media vasitəsilə işıqlandırılmasına, ölkə rəhbərliyinin və Mehriban xanımın səsimə səs verəcəyinə çalışmışam. Yazdığım ərizələr 23 saylı Dövlət Əmək Müfəttişliyinə gedir. Oraya isə yalan sənədlər təqdim edirlər ki, işi araşdırdıq. 31.10.2014-cü il tarixində ƏƏSMN-ə etdiyimiz müraciət yoxa çıxarılıb. Çünki, həmin müraciətdə bizim lehimizə qərar çıxarılmışdı. 16.11.2014-cü il tarixində, axşam saat 22:00-dan səhər saat 9:30-a kimi bir saxta sənədlə qərar dəyişdirilir. Müqaviləmizin olmadığına dair saxta sənədin, Korrupsiya İdarəsində gedən araşdırmada saxta olmadığı bildirilir. Bu necə ola bilər ki, bizim müqaviləmiz olub, ancaq bu gün danılır? 2015-ci ilin mart ayında general Kamran Əliyevin qəbulunda olarkən, o bu işin araşdırılmasına qərar verdi. Bu dəfə də müqaviləmizin olduğu təsdiqləndi. Bu araşdırmadan sonra Korrupsiya İdarəsindən bildirdilər ki, gedin məsələni ƏƏSMN-də həll edin. Mənim bu gün böyük problemim var, borclar, kreditlər içindəyəm.
Cənab Prezident! Qeyd etdiyim məsələlər ciddi qanun pozuntuları bir şirkətdə baş verir. Bizim hüquqlarımız pozulur, əmək haqlarımız verilmir, sənədlər saxtalaşdırılır. Heç bir nazirin qəbuluna düşə bilmirik, bizə hər yerdə maneələr yaradılır. Sizdən xahiş edirik ki, ölkə daxilində, bu ağır böhran vəziyyətində baş verən ciddi məsələlərin həllində bizə öz nəzarətiniz altında köməklik göstərərək qanuni haqqımızın bizə verilməsini təmin edəsiz”