Müzəffər Baxışov: «Azərbaycan gerçəkliyi deyir ki, Ali Məhkəmə və Baş Prokurorluqdan ədalət gözləmək sadəlövhlükdür»
Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən hadisələrdən sonra sahibkarlar və digər vətəndaşlar Ali Məhkəməyə müraciət edərək, yenidən məhkəmə baxışı tələb edib. Həmin şəxslərin sayının 100-dən artıq olduğu bildirilir.
MTN əməkdaşları tərəfindən işgəncələrə məruz qalan, əmlakı əlindən alınan, külli miqdarda pul tələb edilən, şərlənən və müxtəlif şəkildə ədalətsizliyin qurbanı olan şəxslər öz günahsızlığının sübutu və haqqının qaytarılması üçün ölkənin Ali Məhkəməsinə üz tutub. Amma Ali Məhkəmə həmin müraciətlərə biganə yanaşma kimi anlaşılmaz bir mövqe ortaya qoyub. Görəsən, MTN-nin zərbəsini alan həmin şəxslərin işi üzrə istintaqını aparan orqanlar, müstəntiqlər, prosessual nəzarəti həyata keçirən prokurorluq əməkdaşları, məhkəmə hakimlərinin obyektiv araşdırma aparmaması amili bu məsələdə nə qədər rol oynayır?
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov deyir ki, Azərbaycanda hüquq-mühafizə, məhkəmə orqanlarının fəaliyyəti qətiyyən normal deyil. Bu qurumlar hansısa şəxs barəsində verilən siyasi sifarişi can-başla yerinə yetirirlər. Məhkəmələr heç bir günahı olmayan şəxslər barədə tərəddüd etmədən uzunmüddətli həbs hökmü çıxarırlar.
“MTN-nin qanunsuz göstərişləri əsasında çoxlu sayda adam əsassız və qanunsuz olaraq, heç bir cinayət əməli törətmədiyi halda, cinayət məsuliyyətinə cəlb edilib. Onlar barəsində tərtib edilmiş, baş prokuror və ya onun birinci müavininin təsdiq etdiyi ittiham aktı məhkəməyə göndərilib və burada da hökm çıxarılıb. MTN-dəki son olaylardan sonra həmin şəxslərdən bəlkə işlərinə ədalətli baxılacağına dair bir ümid yaranıb, ona görə də Ali Məhkəməyə müraciət ediblər. Əgər Azərbaycanda cüzi də olsa, ədalət mühakiməsi həyata keçirilsəydi, o adamların ərizələri Ali Məhkəmənin Plenumuna çıxarılar və göstərilən faktları yeni açılmış hallar üzrə araşdırılıb, o işlərə yenidən baxılması barədə qərar qəbul olunardı. Amma Azərbaycan gerçəkliyi deyir ki, Ali Məhkəmə və Baş Prokurorluqdan bu ədaləti gözləmək sadəlövhlükdür”, – deyə Müzəffər Baxışov bildirib.
Hüquqşünas deyir ki, bu gün siyasi sifarişləri can-başla yerinə yetirən müstəntiq, prokuror və ya hakimlərin bir çoxunun hüquqi savadı yoxdur: “Onlar bu və ya digər sifarişli işləri yerinə yetirmək üçün fəaliyyət göstərirlər”.
Nigar