Türkiyə kapitalı ilə fəaliyyət göstərən “Yapı Kredi Bank Azərbaycan” 2015-ci ilin Yanvar-Sentyabr aylarını 1 milyon 730 milyon manat zərər ilə başa vurub.
“Marja” Bankın saytına istinadən xəbər verir ki, 2015-ci ilin ilk üçü ayında 430,20 min manat zərər edən bank, sonrakı 6 ayda zərərini 1,3 milyon manat artırıb.
Bu ilin 9 ayında Bankın cəmi gəlirləri 27 milyon 139 min manat, o cümlədən faiz gəlirləri 18 milyon 768 min manat, qeyri-faiz gəlirləri isə 8 milyon 335 min manat təşkil edib. Bankın xərclər çıxıldıqdan sonra 4 milyon 217 min manat əməliyyat mənfəəti qalıb. Aktivlər üzrə yaradılan ehtiyatlara 5 milyon 749 min manat ayrıldığından və 198 min manat mənfəət vergisi ödənildiyindən bankın 1 milyon 730 min manatlıq zərəri olub.
Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan” 2014-cü ildə 4 milyon 666 min manat xalis mənfəət əldə etmişdi.
AKTİVLƏRİ VƏ KREDİT PORTFELİ AZALIB
30 Sentyabr 2015-ci il tarixinə Bankın cəmi aktivləri 363 milyon 499 min manat təşkil edib. Bu devalvasiyadan sonrakı hesabat dövrü, 31 Mart ilə müqayisədə təxminən 10 milyon manat azdır. Eyni dövrdə Bankın kredit portfeli 29,2 milyon manat azalaraq 248 milyon 765 min manata düşüb. Ötən ilin sonu ilə müqayisədə isə Bankın kredit portfeli 18,7 milyon manat azalıb.
PROBLEMLİ KREDİTLƏR 2 DƏFƏDƏN ÇOX ARTIB
Bankın 248 milyon 765 min manatlıq kredit portfelinin 11,1%-nin və ya 27 milyon 621 min manatının ödəmə vaxtı keçib. Bu nisbət ötən ilin sonunda 4,52% və ya 12 milyon 81 min manat idi.
ÖZ SƏRMAYƏSİ DƏ AZALIR
30 Sentyabr 2015-ci il tarixinə Yapı Kredi Bank Kreditin öhdəlikləri 299 milyon 468 min manat, kapitalı isə 64 milyon 30 min manat təşkil edib. Martfan Sentyabr ayınadək keçən dövrdə Bankın kapitalı 1,3 milyon manat azalıb.