“Azadlıq” qəzetinin 2015-ci il 25 noyabr tarixli nömrəsində “Avropa Məhkəməsinin qərarları hakimiyyəti narahat edir” başlıqlı yazıda ədliyyə naziri Fikrət Məmmədovun “Respublika” qəzetinin 24 noyabr tarixli nömrəsində dərc olunmuş müsahibəsindəki fikirləri təhrif edilmişdir.
Belə ki, qəzetdə guya nazir F.Məmmədovun müsahibəsində Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının qərəzli olması və məhkəmə sisteminə kölgə salmaq niyyəti ilə verilməsi göstərilmiş, hətta bu fikir yazının sərlövhəsinə çıxarılmışdır.
Halbuki, nazir müsahibəsində Avropa Məhkəməsinin qərarlarının hüquq sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi qəbul olunduğunu, Məhkəmənin presedent hüququnun öyrənilməsi və tətbiqi ilə bağlı təlimlərin, seminarların keçirildiyini qeyd etmişdir.
Həmçinin müsahibədə, Məhkəmənin ölkəmizlə bağlı qərarlarından bəzi hallarda ucuz sensasiya yaratmaq, məhkəmə-hüquq sisteminə qərəzli qiymət vermək, yaxud onun fəaliyyətinə kölgə salmaq naminə istifadə olunduğu bildirilmişdir.
Buna baxmayaraq yazının müəllifi tərəfindən nazirin fikri kontekstdən çıxarılaraq ictimaiyyəti çaşdırmaq niyyəti ilə təhrif olunmuşdur.
Bununla əlaqədar “Azadlıq” qəzetində müvafiq təkzib verilməsi xahiş olunur.
Ədliyyə Nazirliyi Mətbuat xidməti