“Azadlıq” qəzetinin 26 noyabr 2015-ci il tarixli sayında “Şikayətçini həbsxananın qarşısından ”oğurladılar” başlıqlı yazı dərc olunub. Yazıda Bakı şəhər sakini Sevda Süleymanovanın müvafiq dövlət strukturlarına müraciətlər etdiyinə görə təzyiq və təqiblərlə məruz qalması, həyat yoldaşının şərlənərək həbs olunmasından bəhs olunur.
DIN vətəndaşın dediklərinə reaksiya verib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Azadlıq”a bildirib ki, Sevda Süleymanovanın dedikləri əsassızdır: “Müəyyən olunub ki, adıçəkilən xanımın əri Qüvvətəli Süleymanov 18 avqust 2011-ci ildə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən, özünə məxsus Bakı şəhəri Z.Xəlilov küçəsindəki mənzilini həyat yoldaşı S.Süleymanovanın notarial qaydada təsdiq edilmiş razılığı ilə E.Abbasov adlı bir şəxsə verərək 105.000 manat pul götürüb. O, həmin pulu vaxtında qaytara bilmədiyinə görə öz təklifi ilə həmin mənzili 8 iyun 2012-ci ildə ”Deka bank”a girov qoyaraq Q.Kərimovun adına 140.000 manat pul götürüb və E.Abbasovun borcunu qaytarıb.
Qüvvətəli Süleymanov “Deka Bank”a olan borcu qaytara bilmədiyinə görə bank tərəfindən məhkəməyə müraciət olunub və həmin mənzil hərrac yolu ilə ötən ilin oktyabr ayında bank tərəfindən başqa bir paytaxt sakininə satılmaqla elə onun da adına rəsmiləşdirilib.
S.Süleymanovanın ərizəsi ilə bağlı bir neçə dəfə araşdırma aparılıb, DIN-in Baş Istintaq və Təhqiqat Idarəsində və Bakı BPI-də dəfələrlə qəbul edilərək ona hüquqları ətraflı izah edilib.
Həmçinin Sevda Süleymanovanın iddialarının əksinə olaraq, əri Qüvvətəli Süleymanov “Afina” MMC-nin direktoru işlədiyi müddətdə vəzifə saxtakarlığı və ayrı-ayrı şəxslərə qarşı dələduzluq cinayətləri törətdiyinə görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində cinayət işinin istintaqı tamamlanaraq cinayət işi Bakı Ağır cinayətlər məhkəməsinə göndərilib, məhkəmənin hökmü ilə Qüvvətəli Süleymanov 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Əlavə araşdırma zamanı Sevda Süleymanovanın mənzilinin saxta sənədlərlə başqa şəxslər tərəfindən “Deka Bank”a girov qoyularaq pul götürülməsi və sonradan mənzilin hərrac yolu ilə başqa şəxsə satılması ilə bağlı göstərdiyi xüsusat təsdiq olmayıb, mənzilin onların özləri tərəfindən banka girov qoyub pul götürmələri müəyyən edilib. Ona görə cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə müvafiq qərar qəbul olunub”.