Iş adamına məxsus torpaq sahəsi zəbt olunub; dövlət başçısının göstərişlərinə, hətta məhkəmə qərarına da məhəl qoyulmur
Paytaxtın Teymur Elçin küçəsindəki 6 saylı evin 22-ci mənzilində yaşayan sahibkar Hafiz Məmməd oğlu Ibrahimov Şəmkirdə icra başçısının, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin Şəmkir şöbəsinin rəhbərliyinin onun başına açdığı oyunlarla əlaqədar ölkə rəhbərliyinə müraciət edib. Iş adamı dövlət başçısı Ilham Əliyevə ünvanladığı şikayət məktubunun surətini media orqanlarına da göndərib. Məktubunda vəzifəli şəxslərin sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrindən bəhs edən Hafiz Ibrahimov yazır:
“Möhtərəm prezident!
Sizin son zamanlar sahibkarlara qarşı təzyiqlərin, məmur özbaşınalığının aradan qaldırılması barədə verdiyiniz tapşırıqlara Şəmkir Rayon Icra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyinin Şəmkir rayon şöbəsi heç bir əhəmiyyət vermir.
Şəmkir şəhəri, Sabir küçəsində yerləşən, mənim şəxsi mülkiyyətimdə olan, sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün əldə etdiyim, 0.0955 hektar və 0.0505 hektar torpaq sahələri heç bir qanuni əsas olmadan zəbt edilib. Həmçinin torpaq sahəsini əhatə edən kubik və beton hasarlar adıçəkilən orqanlar tərəfindən sökülüb.
Yuxarıda qeyd etdiyim mənə məxsus torpaq sahəsində hazırda Şəmkir rayon Icra Hakimiyyəti, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin Şəmkir rayon şöbəsi tərəfindən “park salma” adı altında tikinti işləri aparılmaqdadır. Mülkiyyət hüququmun pozuntusu ilə əlaqədar adıçəkilən orqanların qanunsuz hərəkətlərindən Gəncə Inzibati-Iqtisadi Məhkəməsinə ərizə ilə müraciət etdim. Məhkəmənin 9 iyun 2015-ci il tarixli qərardadı ilə iddiam təmin edildi. Şəmkir rayon Icra Hakimiyyəti, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin Şəmkir şöbəsinin mülkiyyətimdə olan torpaq sahəsinə müdaxiləsi, torpaq sahəmdə aparılan tikinti işlərinin dayandırılması barədə qərar verildi.
Bundan sonra Mədəniyyət və Turizm Nazirliyinin Şəmkir şöbəsi mənə məxsus hüquqverici mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi tələbilə Gəncə Inzibati-Iqtisadi Məhkəməsinə müraciət etdi. Hazırda həmin iş məhkəmənin icraatındadır.
Mülkiyyətimdəki ərazidə qanunsuz tikinti işlərinin dayandırılması barədə qüvvəyə minmiş məhkəmə qərarı olmasına, həmçinin mənə məxsus torpaq sahəsilə bağlı mübahisənin məhkəmənin baxışında olmasına, ən əsası isə sahibkarlara qarşı təzyiqlərin, onların fəaliyyətinə müdaxilələrin və məmur özbaşınalılığının qarşısının alınması barədə prezidentin göstərişlərinə baxmayaraq, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, Mədəniyyət və Turizm Nazirliyinin Şəmkir şöbəsinin müdiri Əsgər Ələsgərov bütün bu sadalananlara məhəl qoymur. Mənə məxsus torpaq sahəsini zəbt edib, tikinti işlərini davam etdirirlər. Yeri gəlmişkən, tikinti işlərini “XXI əsr Azərbaycan Sosial Iqtisadi və Mədəni Inkşafa Yardım” Ictimai Birliyi icra edir.
Cənab Prezident!
Sizdən xahiş edirəm, sahibkarlıq fəaliyyətilə məşğul olmağım üçün mənə məxsus torpaq sahəsinin Şəmkir rayon Icra Hakimiyyətinin, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin Şəmkir şöbəsi tərəfindən qanunsuz zəbt olunmasına son qoyulması üçün müvafiq göstəriş verəsiniz”.
Sosial şöbə