Maşın bazarında satıcılar rəhbərlikdən icarə haqqının azaldılmasını tələb edirlər; oxşar prosesin iri «Binə» və «Sədərək»də də baş verəcəyi gözlənilir
“8-ci kilometr” qəsəbəsində yerləşən maşın bazarında etiraz aksiyası keçirilib. Hadisə noyabrın 24-də baş verib. Satıcılar bazarın rəhbərliyindən icarə haqqının azaldılmasını tələb ediblər.
Bu barədə “Bizim Yol”a aksiyaçılardan biri məlumat verib. Məlumata görə, bazarın rəhbərliyi aksiyaçıları qəbul etməyib.
Aksiyaçıların bu tələbinə əsas səbəb iqtisadi böhran və hökumətin bəzi qərarları olub. Belə ki, Mərkəzi Bankın avtokreditlərə qoyduğu qadağalar, “Avro” standartların tətbiqi, istehlak kreditlərinin məhdudlaşdırılması, devalvasiya, hökumətin bazara inzibati müdaxiləsi və sair amillər maşın bazarını çökdürüb. Nəticədə alıcıların sayı azalıb, alqı-satqı əməliyyatları kəskin şəkildə aşağı düşüb. Buna baxmayaraq bazar rəhbərliyi aylıq kirayə pulunu azaltmaqdan imtina edib. Satıcılar isə bundan narazıdır, böhran şəraitində qiymətlərin ucuzlaşdırılmasını tələb edirlər.
“Azadlıq”a daxil olan məlumata görə, oxşar proses Bakının iri ticarət mərkəzlərində, xüsusilə “Binə” və “Sədərək” bazarlarında da gözlənilir. Məlumatda deyilir ki, iri ticarət mərkəzlərində də icarədarlar icar haqqının çox olmasından narazılıq edirlər. Yaxın vaxtlarda onların da aksiyalara başlayacağı gözlənilir.