Ötən il bizi, artıq gənc olmayan 60 yaşlı ər-arvadı birgə həyatımızın 37-ci ilində həbs etdilər, özü də müxtəlif həbsxanalara salındıq. Nəticədə mən 16 ay təkadamlıq kamerada saxlanılaraq səndən və sevimli qızımız Dinaradan, hələ demirəm ki, dünyada baş verənlərdən xəbərsiz idim. Əlbəttə, vəkillərimdən mütamadi olaraq bəzi xəbərlər, o cümlədən sənin mənə məktubların barədə məlumat alırdım. Ancaq təəsüf ki, bu məktubları nə oxuya, nə də sənə cavab yaza bilirdim.
Axı mən Milli Təhlükəsizlik Nazirliyinin təkadamlıq kamerasında saxlanılırdım, orda da qaydalar sərtdir.
Ancaq bu o demək deyil ki, mən səni və Dinaranı düşünmürdüm. Məhkəmədə ilk görüşümüzdə kamerada necə sağ qala bildiyimi soruşdun. Cavab verdim ki, bütün bu vaxt ərzində həyatımızı, əvvəldən həbsə qədər keçdiyimiz bütün mərhələləri yada salırdım. Yada salmalı isə çox şey var idi. Axı mən səni görən kimi vuruldum və yaxşı yadımdadır ki, sən ilk növbədə məni həddən artıq çox sevdiyin babanın qəbri üstünə apardın. O zaman mənə onun rus inqilabına qədər Peterburqda necə oxumasından, sonra Bakıya qayıdıb teatr aktyoru olmasından xeyli danışdın. Sonradan baban ötən əsrin 30-cu illərində Azərbaycan kinematoqrafını yaradanlardan olub. Onun 30-60-cı illərdə Azərbaycan kinematoqrafının “Səhər”, “Arşın mal alan”, “Uzaq sahillərdə”, “Bəxtiyar” və s. bir çox şedevrlərinin direktoru olduğunu qürur hissi ilə danışırdın. Məhz orda, onu məzarı üzərində tanışlığımızdan bir neçə gün sonra sənə evlənmək təklif etdim. Və birgə həyatımız başladı.
Kamerada vaxtım kifayət qədər idi və yalnız bir şeyə təəssüflənirdim – xatirələri yazmaq imkanım yoxdu. Ancaq çıxış yolu tapdım – onları beynimə yazırdım. Bu, həbsdə sağ qalmağa imkan verir; indi mənə tamamilə aydındır.
Bəlkə də, başqa situasiyada ayrılıq olsaydı, birgə həyatımızın ən xoş anlarını yada salardım. Axı onlar az deyil. Ancaq mən həbsxana kamerasında idim və ilk növbədə sağlamlığın haqqında düşünürdüm. Axı sən evdə, azadlıqda deyildin, həbsxanada, sərt təzyiq altında idin, açığı desək – müxtəlif işgəncə və təhqirlərdən keçirdin. Bütün bunlar fəqrli düşüncələrə kökləyirdi. Axı sənin nələr yaşadığını, hansı sınaqlardan çıxdığını bilirəm. Məhkəmə zalında görüşən zaman tanıdığım və yadımda olan Leyladan fərqlənən Leylanı görəndə bu, tam aydın oldu. Sənin nələrdən keçdiyini anladım…
Axı mən əvvəllər dəfələrlə səni itirə bilərdim. Sən üzdən sağlam və güclü görünə bilərsən. Əslində isə çoxdandı sağlamlığında problem vardı. Birinci dəfə qadın xəstəliyi ilə bağlı keçirdiyin, lakin uğursuz başa çatan cərrahiyyə əməliyyatı yadıma düşdü. Onda sən ölüm ayağında idin. Həkim daxili qanaxmanın olduğunu demişdi. Nəticədə ikinci əməliyyata ehtiyac yarandı və daxili orqanların çıxarıldı.
Daha sonra yadıma düşdü ki, bu iki əməliyyatdan sonra güclü axsamağa başladın. İndiki kimi… Müayinəyə getməyimiz yadıma düşdü, həkimlər dedi ki, sağ ayağının sinir ucluqları birləşdiyinə görə axsayırsan.
Mərdliklə dözürdün, baxmayaraq ki, yeni əməliyyat olmasa, ömrünün axırına qədər axsaq qalacaqdın.
Böyük çətinliklə Peterbuqra, o vaxtkı Leninqrada göndəriş ala bildik. Bu səfəri unutmaq mənim üçün çətindir. Indiyə qədər biz cənubluların güclü şaxtanın olduğu şəhərə necə getdiyimiz yadımdadır.
Səni xəstəxanaya yerləşdirdilər, mən isə mənzil tutmuşdum və hər gün yanında olmağa çalışırdım. Xoşbəxtlikdən əməliyyat uğurlu keçdi və sağ ayağının hərəkətini bərpa edə bildilər. Axsamaq keçdi. O zaman…
Ancaq kamerada ən çətin xatirələr digər əməliyyatınla bağlı anlar idi. Moskvada növbəti müayinə zamanı döşündə şiş tapıldı. Şişi götürmək üçün Moskvaya əməliyyata getmək lazım idi. Mən də yanında ola bilmədim. Dinara balaca idi, anan isə ağır xəstə, mən onlarla qalmalı oldum. Nəticədə hər şeyi təkbaşına etməli oldun – qalmaq üçün ev axtarmalı, belə anlarda yanında olması vacib olan yaxınlarının heç birinin səninlə olmadığını bilə-bilə əməliyyata girməli idin. Sayca üçüncü olan bu əməliyyatdan dərhal sonra evə qayıda bilməzdin, çünki reabilitasiyaya ehtiyac var idi, bunun üçün də üç ay vaxt keçdi, bu üç ay ərzində sən yenə də tək idin.
Hər bir əməliyyatın izsiz keçməyib, təkcə sağlamlığını almayıb, həm də qorxu yaradıb. Belə əməliyyatlar izsiz ötüşmür. Bir neçə il əvvəl həkimlərin səndə bir qucaq xəstəlik – şəkər, hipotit C və hər iki gözündə katarakta tapması ilə bağlı ağır xatirələr yada düşdü.Aydın oldu ki, yenə klinikada olmalısan, yenə də əməliyyat, yenə ağrı və qorxu. Əvvəl sol gözündə əməliyyat oldu, bir neçə ay sonra sağ gözündə.
Bu da kədərli nəticə: altı əməliyyat, onun ikisi ölümlə nəticələnə bilərdi. 2013-cü ildə keçirilən birinci əməliyyatdan sonra həkimin dediklərini yada salırdım: “Sizin mütəmadi müayinəyə, həkim nəzarətinə və stressiz həyata ehtiyacınız var. Çünki həddən artıq çox əməliyyat keçirmisiniz, sağlamlığınızla bağlı ciddi problem var və bu, gələcəkdə özünü göstərəcək”. Səni məhkəmədə görəndə anladım ki, bu əməliyyatların hamısının nəticəsi indi özünü göstərib və sənə ciddi zərbə vurub. Baxmayaraq ki, bunun baş verəcəyini bilirdim, güclü şok keçirdim. Mən sadəcə xəstə adamı deyil, aşkar şikəsti gördüm. Sərt sözlərə görə məni bağışla, bir ildən bir az çox müddətə həyatının azı 15-20 ilini itirmisən. Ancaq əsas təhlükə budur ki, bağırsaqlarının fəaliyyəti tamamilə pozulub və orqanizm qida qəbul edə bilmir. Bu da keçirdiyin əməliyytların ən çətinidir.Mənim üçün ən pisi isə yanında ola bilmədiyimə görə keçirdiyim mənəvi ağrıdır. Su verib, hərəkətlərinə kömək edib, xoş sevgi sözləri deyə bilmirəm.
Gənc deyilik, həyatımızı yaşamışıq. Artıq 60 illiyimi həbsxana kamerasında qarşılamışam. Dekabrın 21-də, əlil, xəstə, bu günə çatacağına əminliyi olmadan 60 illiyini həbsxanada qarşılamaq növbəsi sənindir. Hələ azadlığa çıxmaq və ciddi müalicə almaq barədə danışmıram.
Hər dəfə səni əməliyyat edəndə mənə ağır idi. Ancaq dəhşətli fiziki və mənəvi-psixoloji əzablar çəkdiyini bilə-bilə indi hiss etdiyim ağrı məni sadəcə məhv edir.
Bunlara dözəcəksənmi və nə qədər dözəcəksən? Mən necə, əzab-əziyyətlərini bilə-bilə dözə biləcəmmi? Qızımız buna dözəcəkmi? Xasiyyətcə optimist olsam da, hər zaman yaxşıya ümid etməyə çalışsam da, indi bu suallara cavab tapa bilmirəm.
Sənin Arifin