Üzeyir Cəfərov: «Silah-sursat hələ ordunun yüksək səviyyədə olması anlamına gəlmir. Ordunun döyüş qabiliyyəti meydanda göstərdiyi nəticələrlə ölçülür»
“Global Firepower” təşkilatının dünyanın ən güclü orduları sıralamasında Azərbaycan ordusu 106 ölkə arasında 50-ci yeri tutub. “Global Firepower Index”in müəllifləri siyahını hazırlayarkən mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq amillər nəzərə alınır.
Siyahıya daxil edilmiş 106 ölkənin ordusu beş əsas qrup üzrə – ordunun tərkib sayı, quru, hava, hərbi-dəniz qüvvələrinin silah sayı, maliyyələşdirmə həcmi, coğrafi yerləşmə, təbii resurslara görə qiymətləndirilir.
Ilk üçlükdə ABŞ, Rusiya və Çin, onların ardınca Hindistan, Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya və Yaponiya gəlir.
Cənubi Qafqazda yaxın qonşumuz olan Gürcüstan 64-cü yerdədir, Ermənistan isə ümumiyyətlə, siyahıya düşməyib.
Hərbi sahə üzrə ekspert Üzeyir Cəfərov 106 ölkə arasında 50-ci yerdə qərarlaşmağı pis nəticə hesab etmir. Buna baxmayaraq, reytinqlərin elə də əhəmiyyət daşımadığını vurğulayan ekspert, subyektiv xarakterli məlumatların daha çox olduğunu deyir: “Bu, sadəcə beş parametr, quru, hava və dəniz donanması üzrə müəyyənləşdirilib. Son illər Azərbaycan bu sahələrdə çoxlu sayda silah-sursat, artilleriya qurğuları, rabitə və digər hərbi avadanlıqlar alıb. Siyahıda 21-ci yeri tutan Ukraynanın son hadisələrdə hansı problemlərlə üzləşməsi göz qabağındadır. Silah-sursat olması ölkənin ordusunun ən ideal və yüksək səviyyədə olması anlamına gəlməməlidir. Orduların döyüş qabiliyyəti onların döyüş meydanında göstərdiyi nəticələrlə ölçülür və ölçülməlidir”.
Üzeyir Cəfərov yada alır ki, Bonn Strateji Araşdırmalar Mərkəzinin ötənilki hesabatında Ermənistan ordusunu Avropanın az qala, ən güclü və nümunəvi silahlı qüvvələri kimi təqdim ediblər. Indi isə Ermənistan 106 ölkənin sırasına ümumiyyətlə, daxil edilməyib. Belə paradoksu mümkün hal sayan ekspert, hesabat və reytinqlərə münasibətdə birmənalı fikir yürüdülmədiyini deyir: “Müxtəlif reytinqlərdə ”ilin adamı” kimi seçilmələr əksər hallarda reallığa söykənmir. Ordu məsələsində də 50-ci yerdə olmağımız heç də böyük uğurdan xəbər vermir”.
Nigar